Şamaxıda Üzüm və Şərab Festivalı başladı - FOTO

Sentyabrın 19-da Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb.

Referans Media xəbər verir ki, iki gün davam edəcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Abqora restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində keçirilir.

Artıq 5-ci dəfə təşkil olunan festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılması, regionun turizm imkanlarının genişlənməsinə töhfə verməkdir.

Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində baş tutan festivalda müxtəlif brendlər öz üzüm məhsullarını təqdim edir.

Ziyarətçilər üzümçülük və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanmaqla yanaşı, müxtəlif əyləncə və şou proqramlarını izləyirlər.

Gün ərzində müxtəlif yaş qrupları üçün əyləncəli fəaliyyətlər festival proqramına xüsusi rəng qatacaq. Qonaqlar müxtəlif müsabiqə və viktorinalarda iştirak edəcəklər. Həmçinin ziyarətçilər müxtəlif təqdimatlar, interaktiv şoular, konsert proqramları da izləyə biləcəklər.

Axşam saatlarınadək davam edəcək festivalın ilk günündə sevilən müğənnilər Roza Zərgərli, Kazım Can, Joseph U.O, eləcə də DJ Kamonun çıxışları olacaq.

Üzüm və Şərab Festivalı sentyabrın 20-dək davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki