Polisin “Sputnik Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Россия Сегодня” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar xüsusi avtomobillərlə ərazidən aparılıb.
Rusiya və Azərbaycan arasında bir neçə müddətdir ki, baş verən bu gərginliklərin fonunda hadisələr bundan sonra necə cərəyan edəcək? Bu gərginlik nə ilə nəticələnə bilər?
Mövzu ilə bağlı Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Referans-a bildirib ki, Rusiya ilə yaranmış gərginlik təbii ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburqda azərbaycanlılara qarşı keçirdiyi cinayətkarcasına işgəncələrlə onların qətlə yetirilməsi ilə sonuçlanmış əməliyyat nəticəsində yarandı. Orada yaşayan azərbaycanlılara, eyni zamanda digər millətlərin nümayəndələrinə qarşı Rusiyada uzun müddətdir ki, bu siyasi basqılar davam etməkdədir. Bu rus şovinizminin artıq dövlət qurumları səviyyəsində həyata keçirilməsi siyasətidir. Əvvəllər qeyri-dövlət təşkilatları vasitəsilə Rusiyada yaşayan millətlərə qarşı bu cür hərəkətlər həyata keçirilirdisə, indi artıq görünən bundan ibarətdir ki, rəsmi dövlət qurumları belə cinayətkarcasına fəaliyyət göstərir və miqrantları qorxutmaq siyasəti yürüdürlər. Azərbaycanlılara qarşı həyata keçirilmiş bu “əməliyyatın” istintaq hərəkətləri kimi təqdim olunmasına baxmayaraq heç bir halda istintaq hərəkətləri deyil. Bu birbaşa olaraq cinayətkat əməllərdir.
Partiya lideri onu da bildirib ki, Rusiya elə imperiya olduğu dövrdən, sonralar Sovetlər dönəmində, eynilə müstəqil dövlət olaraqda keçmiş postsovet məkanında olan ölkələrə və digər ölkələrə, digər xalqlara, digər millətlərə qarşı bu cür siyasət yürütməklə rus şovinizmini davam etdirməkdədir. Əslinə qalanda bu rus şovinizminin fərqli formalarda təzahürüdür. Bu günlərdə Rusiyanın Bakıda yerləşən “Sputnik Azərbaycan” ofisində reyd keçirilib. Onların qeyri-qanuni fəaliyyətinin dayandırılması ilə bağlı həyata keçirilən bir reyddir. Sivil qaydada orada qeyri-qanuni fəaliyyət göstərən şəxslərin istintaqa cəlb edilməsi prosesi həyata keçirilib. Bu həmdə bu cür digər mövqe sərgiləyənlərə bir nümunədir ki, kimisə qeyri-qanuni fəaliyyətinə görə istintaqa cəlb etmək istəyirlərsə bunun üçün sivil qaydalar var. Bununla belə hüquq-mühafizə orqanları əməliyyatlar keçirə bilər, amma əməliyyatlar heç bir halda insanları işgəncə verməklə, insanlara qarşı qanundan kənar hərəkətlər etməklə müşayiət oluna bilməz. Xüsusilə də onların qətlə yetirilməsi, artıq bu bütün çərçivələrdən çıxmaq deməkdir.
“Biz Rusiya xüsusi xidmət və hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatların məhz qeyri-insani rəftar, işgəncələr, hüquqa zidd əməllərlə bu cür qətllərin müşayiət olunmasına şahidlik edirik ki, bu da həmin dövlətin sivil dünya dövlətləri sırasında olmadığından və konkret olaraq cinayət əməllərinin dövlət orqanları səviyyəsində həyata keçirilməsindən xəbər verir. Ki bu da heç bir halda qəbul edilən deyil. Ona görə də bizim mövqeyimiz bundan ibarətdir ki, bu cinayətkar əməliyyatı həyata keçirənlər, onların arxasında dayananlar, sifariş verənlər – hər biri müvafiq olaraq cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır”, – deyə Arzuxan Əlizadə əlavə edib.
Məmmədov Hüseyn
Referans