Rusiya qoşunları Donbasın qalan hissəsi üçün ən mühüm istinad məntəqəsi hesab olunan Konstantinovka şəhərinə daxil olub və şəhərə nəzarəti ələ keçirməyə hazırlaşır.
Referans Media xəbər verir ki, "The Telegraph" qəzetinin yazdığına görə, ukraynalı hərbçilər hazırda bütün şəhərin faktiki olaraq heç bir tərəfin tam nəzarətində olmayan "boz zona"da olduğunu bildirirlər.
Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi şəhərin cənub-qərbində əməliyyatları aktivləşdirdiyini və Ukrayna bölmələrini mühasirəyə aldığını iddia edir.
Nəşr vurğulayır ki, bu hücum Moskvanın Konstantinovkanı mühasirəyə alaraq ələ keçirmək istəyi ilə bağlı narahatlıqları artırıb.
Bu addım Ukraynanın Donetsk vilayətinin şərqindəki son böyük qalaları olan Kramatorsk və Salyanska gedən yolu aça bilər.
Şəhərdə fəaliyyət göstərən ukraynalı pilotsuz uçuş aparatı (PUA) operatoru BBC-yə bildirib ki, Konstantinovkaya sızan Rusiya qüvvələrini şəhər şəraitindən sıxışdırıb çıxarmaq olduqca çətindir. Onun sözlərinə görə, mövcud vəziyyət artıq "böyük böhrana" çevrilib.
Bununla yanaşı, cənubdan irəliləyən Rusiya əsgərlərinin hətta Konstantinovkanın şimal kənarlarında da göründüyü barədə məlumatlar var.
"The Telegraph" qeyd edir ki, ruslar 2025-ci ildə Pokrovsk şəhərini ələ keçirərkən istifadə etdikləri strategiyaya bənzər bir taktika tətbiq edirlər. Onlar şəhəri mühasirəyə almaq və təchizat yollarını kəsmək üçün cinahlardan irəliləməyə başlayıblar.
Kiyev Konstantinovkanın mühasirəyə alınması ilə bağlı iddiaları rədd edib. Ukraynanın 19-cu korpusunun komandiri, briqada generalı Aleksandr Bakulin vəziyyətin nəzarət altında qaldığını və düşmənin uğur qazana bilmədiyini israrla vurğulayıb. Buna baxmayaraq, o, hazırda şəhərdə 130-a yaxın Rusiya əsgərinin fəaliyyət göstərdiyini etiraf edib.
York Universitetinin Rusiya tarixi üzrə eksperti, doktor Şeyn O’Rurk Konstantinovkanı hazırda "tərəzi yatağında" olan şəhər kimi xarakterizə edib. O əlavə edib ki, əgər Putin Donetskin qalan hissəsini də ələ keçirə bilsə, bu, ona hansısa bir qələbə qazandığına dair saxta əsas verəcək:
"Görünən odur ki, şəhər hazırda kritik tarazlıq nöqtəsindədir, lakin biz digər şəhərlərdə də eyni ssenariləri görmüşük. Rusların şəhərlərin süqutunu reallıqdan çox-çox əvvəl elan etmək vərdişi var, bəzi hallarda bu, artıq bir rituara çevrilib".
Ekspert həmçinin iddia edir ki, Konstantinovka ələ keçirilsə belə, bu, böyük itki olsa da, Ukraynanın müdafiə xəttinin sonu demək deyil.
"Bütün Donetskin zəbt edilməsi Rusiyanın 2022-ci ildə qarşıya qoyduğu ilkin hərbi məqsədlərindən əlində qalan demək olar ki, yeganə hədəfdir. Putinin buna şiddətlə ehtiyacı var. Bu, ona qələbə görüntüsü yaradacaq saxta bir əsas verəcək. Lakin digər qala-şəhərlər hələ də qalmaqdadır", - deyə ekspert qeyd edib.
Konstantinovkada son vəziyyət
Bundan əvvəl hərbi ekspert Pavel Narojnıy bildirib ki, Donetsk vilayətinin Konstantinovka rayonundakı vəziyyət Ukrayna üçün "heç də yaxşı tərəfə" doğru inkişaf etmir. O əlavə edib ki, düşmənin şəhəri ələ keçirmək cəhdi ruslar üçün asan olmayacaq. Ekspertin fikrincə, Rusiyanın bu şəhəri bir-iki həftə ərzində ələ keçirə biləcəyindən hələlik söhbət gedə bilməz.
Eyni zamanda, Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bəyan edir ki, Rusiya Konstantinovkada irəliləməsi barədə yalan məlumatlar yayır. Məlumata görə, Rusiya tərəfi şəhərdə guya taktik uğurlar qazandıqlarını nümayiş etdirmək və saxta iddialar irəli sürmək üçün süni intellekt (AI) vasitəsilə hazırlanmış bayraq sancma videolarından istifadə edir./Musavat.com
