SON DƏQİQƏ! Milli Məclis çoxlarının gözlədiyi qərarı qəbul etdi

Milli Məclis "Avtomobil yolları haqqında", "Dövlət rüsumu haqqında" və "İcbari sığortalar haqqında" qanunların mopedlərlə bağlı qanunvericiliyə uyğunlaşdırılmasını birinci oxunuşda təsdiqləyib.

Referans Media   xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi barədə" 9 dekabr 2025-ci il tarixli qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

 Xatırladaq ki, "Yol hərəkəti haqqında" qanunla yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması, mopedlərin iştirakı ilə baş verə biləcək qəza hallarının qarşısının alınması və bu sahədə tənzimləmənin yaradılması məqsədilə mopedlərin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçirilərək uçota alınması və bunun əsasında onlara dövlət qeydiyyat nişanının verilməsi, habelə mopedlərin sürücülük vəsiqəsi əsasında idarə olunması müəyyən olunmuşdur. Bununla da nəqliyyat vasitəsi sürücüləri üçün nəzərdə tutulmuş bir sıra vəzifələr moped sürücülərinə də şamil olunacaqdır. Beləliklə, mopedi idarə etmək üçün "A1" kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb olunur.

 
Təklif olunan dəyişiklik uyğunlaşdırma çərçivəsində adıçəkilən qanundan irəli gələrək mopedlərin texniki baxışdan keçirilməsinə, dövlət qeydiyyatına alınmasına, sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə və dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun dərəcələrinin qüvvədə olan dövlət rüsumları məbləğində tənzimlənməsini, eləcə də qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutur.

 Xatırladaq ki, moped kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və yaxud iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir.

 
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

 Milli Məclis avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla, bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqini ilk oxunuşda qəbul edib.

 Bununla bağlı Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ hüquqi, texnoloji və institusional bazanın yaradılması məqsədi daşıyır.

 İclasda qeyd olunub ki, ölkə Prezidentinin 27 fevral 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın 8.3.8-ci yarımbəndində avtonom nəqliyyat sistemlərinin tətbiqi üzrə beynəlxalq təcrübənin təhlili əsasında bu məsələnin normativ hüquqi bazasının yaradılması öz əksini tapıb.

 Layihəyə əsasən, müvafiq qanunlara dəyişiklik edilməsi ilə qanunvericiliyə avtonom nəqliyyat mühitinin (ticarət gəmiçiliyi, aviasiya, dəmir yolu, metro, tramvay və avtomobil nəqliyyatı sahələrində) hüquqi tənzimlənməsi üçün "avtonom nəqliyyat vasitəsi", "operator" və "məsafədən idarəetmə mərkəzi" kimi anlayışlar daxil edilir, eləcə də idarəetmənin yüksək və tam avtomatlaşdırılmış səviyyələri təsbit olunur. Avtonom nəqliyyat vasitəsinin, onun operatorunun, məsafədən idarəetmə mərkəzinin və avtomatlaşdırılmış idarəetmə sisteminin anlayışları, onlara dair tələblər, eləcə də operatorun və nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) vəzifələri müəyyən edilir. Avtonom nəqliyyat vasitəsinin yalnız dövlət qeydiyyatına alındıqdan sonra səlahiyyətli dövlət qurumlarının müəyyən etdiyi ərazidə istismar olunması təklif edilir;

 Hüquqi və ya fiziki şəxs müvafiq şəhadətnamə aldıqdan sonra operator qismində fəaliyyət göstərə bilər. Operatordan istismar zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək, istismara təhlükə yarandığı hallar baş verdikdə operativ müdaxilə etmək, nəqliyyat vasitəsinin istismarı ilə bağlı məlumatların saxlanmasını və mühafizəsini təmin etmək, həmçinin hadisə, qəza və ya insident baş verdiyi təqdirdə dərhal aidiyyəti dövlət qurumlarına məlumat vermək tələb olunur;

 Bununla yanaşı, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin effektivliyinin tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilməsi tədbirləri, habelə nəqliyyat vasitəsinin istismarı nəticəsində vurulan zərərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) və ya istismarçısının (sahib qismində çıxış etdikdə) məsuliyyəti qeyd edilir.

 Fiziki və hüquqi şəxslərin operator kimi fəaliyyət göstərə bilməsi üçün şəhadətnamələr 5 il müddətinə verilir. Operator fəaliyyətinə dair şəhadətnamənin verilməsi xidmətinə görə 20 manat məbləğində dövlət rüsumu təyin olunur. Məsafədən idarəetmə mərkəzləri yaradılmalı və istismar zamanı formalaşan məlumatlar real vaxt rejimində dövlət informasiya sisteminə ötürülməlidir. Məlumatların mühafizəsi - dövlət sisteminə ötürülən məlumatlar qeydə alınmalı və operatorlar tərəfindən 6 ay müddətində mühafizə edilməlidir.

 Avtonom nəqliyyat vasitələrinin tənzimləyici test mühitində sınaqdan keçirilməsi, habelə yollarda, hava və su məkanlarında konkret hərəkət ərazilərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Qəza və zərərlərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisi, istismarçısı, istehsalçısı və operatoru arasında məsuliyyət bölgüsü müəyyən edilir və sığortalanma tələbləri dəqiqləşdirilir.

 Avtomobillər üzrə avtonom nəqliyyat vasitələrinin fərqləndirilməsi üçün xüsusi "Avtonom nəqliyyat vasitəsi" tanınma nişanı tətbiq edilir. Mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının (PUA-lar) dövriyyəsi xüsusi icazə tələb edən əşyalar siyahısına əlavə olunur.

 Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki