Türkiyənin Batman şəhərində narkotiklə mübarizə tədbirləri çərçivəsində keçirilən əməliyyat zamanı diqqətçəkən hadisə yaşanıb. Şəhər girişində saxlanılan sərnişin avtobusunda şübhəli davranışları ilə diqqət çəkən xarici vətəndaş polis əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Referans Media xəbər verir ki, yoxlamalar zamanı həmin şəxsin üzərində aparılan ilkin araşdırmalar nəticə verməsə də, daha sonra xəstəxanada keçirilən tibbi müayinələr zamanı onun mədəsində narkotik maddə olduğu müəyyən edilib.
Aparılan prosedurlar nəticəsində şübhəlinin mədəsindən ümumilikdə 160 hissə halında, 1 kiloqram 308 qram narkotik maddə çıxarılıb.
Əldə olunan maddələr maddi sübut kimi götürülərək müsadirə olunub. Hüquq-mühafizə orqanlarında aparılan istintaq tədbirlərindən sonra saxlanılan şəxs məhkəməyə çıxarılıb.
Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Hadisə bölgədə narkotik qaçaqmalçılığına qarşı aparılan əməliyyatların miqyasını bir daha gündəmə gətirib.
