ABŞ–İran razılaşması ilə bağlı ŞOK AÇIQLAMA

"ABŞ ilə İran arasında əldə olunan razılaşma hələ də kifayət qədər kövrək hesab olunur. Sənəddə nəzərdə tutulan bəndlərin istənilən vaxt pozulması ehtimalı qalmaqdadır".

Referans Media  xəbər verir ki ,bu sözləri Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, mövcud vəziyyət qlobal enerji bazarlarında və beynəlxalq ticarət marşrutlarında qeyri-müəyyənliyi artırır:

"İran İsrailin Livana hücumlarını dayandırmasını tələb edib. Bu tələbin yerinə yetirilməsi ABŞ-dən asılı deyil, çünki Hizbullah İsrail ərazisinə raket atarsa, İsrail ordusu qonşu ölkədə hərbi əməliyyatı genişləndirəcək. Digər tərəfdən, hazırda İsrail ordusu Livanın cənubundadır və Təl-Əvivin bölgəni tərk etmək fikri yoxdur. İsrailin Hizbullah təşkilatının tərk-silah olunması tələbi yerinə yetirilməyib. Bu o deməkdir ki, ABŞ ilə İran arasında Livanla bağlı razılaşmanın yerinə yetiriləcəyi çətindir".

Elxan Şahinoğlu qeyd edib ki, buna baxmayaraq, ABŞ ilə İran arasında əsas iki razılaşmanın yerinə yetirilməsinin əhəmiyyəti daha böyükdür:

"Birincisi, İran uranı zənginləşdirməməli və Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinə mane olmamalıdır. Uranla bağlı bəndin yerinə yetirilməsi üçün İrandakı nüvə mərkəzləri daim nəzarət altında olmalıdır. Tehran keçmiş illərdə beynəlxalq müşahidəçilərin nüvə mərkəzlərinin tamamında monitorinq aparmasına əngəllər yaradırdı. İkinci bəndin yerinə yetirilməsi üçün isə Tehran Hörmüz boğazında üzən gəmilərə problem yaratmamalıdır. Hazırda gəmilərin hərəkətinə maneə yoxdur, ancaq bunun hər zaman belə olacağını söyləmək çətindir. Bu səbəbdən Körfəz ölkələri neft və qazın müxtəlif ölkələrə daşınmasının alternativ yollarını axtarırlar".

Politoloq bildirib ki, Oman və Hindistan enerji dəhlizi ilə bağlı razılaşma əldə edib:

"Belə ki, iyunun 1-də qüvvəyə minən Hindistan və Oman arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi Yaxın Şərqdəki qeyri-sabitlik fonunda Yeni Dehliyə Hörmüz boğazından yan keçən alternativ enerji marşrutu təmin edəcək. Omanın coğrafi mövqeyi Hindistana yükləri birbaşa Ərəbistan dənizi vasitəsilə daşımağa imkan verir. Omanın iki ən böyük limanı Hörmüz boğazının xaricində yerləşir ki, bu da mütəxəssislərin fikrincə, regional münaqişələr səbəbindən təchizat tıxanmaları riskini aradan qaldırır. Saziş bu limanlar vasitəsilə Omanın neftinə və mayeləşdirilmiş təbii qazına çıxışı təmin edir. Oman və Hindistan iki min kilometrlik Oman-Qucarat dərin sualtı qaz boru kəməri layihəsi üzərində işləyirlər. Bu boru kəməri Oman körfəzi və Hörmüz boğazını keçərək Hindistana təbii qaz tədarükünə imkan verəcək və yanacağın birbaşa, təhlükəsiz daşınmasını təmin edəcək".

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki