Subaylarda xərçəng riski daha yüksəkdir - Yeni ARAŞDIRMA

Yeni aparılan "Nikah və xərçəng riski" adlı genişmiqyaslı araşdırma göstərib ki, heç vaxt evli olmayan şəxslərdə əksər xərçəng növlərinə tutulma riski evli və ya əvvəllər evli olmuş insanlarla müqayisədə daha yüksəkdir.

Tədqiqat zamanı alimlər xərçəngə tutulma hallarını ailə vəziyyəti, şişin növü, yaş, cins və etnik mənsubiyyətə görə qiymətləndiriblər. Bunun üçün ABŞ-ın 12 ştatını əhatə edən epidemioloji müşahidə proqramının məlumatları təhlil olunub. Araşdırmaya 30 yaşdan yuxarı insanlar cəlb edilib.

İştirakçılar iki qrupa bölünüb: həyatında heç vaxt nikahda olmayanlar və hazırda və ya əvvəllər evli olmuş şəxslər. İkinci qrupa evli, boşanmış, ayrı yaşayan və dul insanlar daxil edilib. Birinci qrupa isə rəsmi nikah olmadan birlikdə yaşayan və ya münasibətdə olan şəxslər aid edilib.

Araşdırmada iştirak edənlərin 19 faizi heç vaxt evlənməyənlər olub. Bu göstərici kişilər arasında 21,5 faiz, qadınlarda isə 17 faiz təşkil edib. Ən yüksək göstərici qaradərili qadınlarda (34 faiz) və kişilərdə (35 faiz), ən aşağı göstərici isə ağdərili qadınlarda (12 faiz) və kişilərdə (17 faiz) qeydə alınıb.

Tədqiqat dövründə ümumilikdə 4,24 milyon xərçəng hadisəsi aşkarlanıb. Onların 18 faizi heç vaxt evlənməyən insanların payına düşüb. Bu qrupda xərçəngə tutulma riski evli və ya əvvəllər evli olmuş şəxslərlə müqayisədə kişilərdə 1,68 dəfə, qadınlarda isə 1,85 dəfə yüksək olub.

Hansı xərçəng növlərində risk daha yüksəkdir?
Araşdırma göstərib ki, risk xüsusilə aşağıdakı xərçəng növlərində daha çox artır:

Anal kanal xərçəngi;

Uşaqlıq boynu xərçəngi;

Qida borusu xərçəngi;

Yumurtalıq xərçəngi;

Uşaqlıq xərçəngi;

Qaraciyər xərçəngi;

Ağciyər xərçəngi;

Yoğun bağırsaq xərçəngi.

Qalxanabənzər vəzi, melanoma, prostat, xaya, böyrək və beyin şişlərində də risk artsa da, fərq nisbətən az olub.

Məşhur bioloq İrina Yakutenko bildirib ki, bəzi nəticələr xüsusilə diqqətçəkicidir. Onun sözlərinə görə, heç vaxt evlənməyən kişilərdə anal kanal xərçəngi evli kişilərlə müqayisədə təxminən 5 dəfə, qadınlarda isə 2,5 dəfə daha çox qeydə alınıb.

Bundan əlavə, uşaqlıq boynu xərçəngi riski subay qadınlarda 2,6 dəfə, latınamerikalı qadınlarda isə 3 dəfə yüksək olub. Qida borusu xərçəngi subay kişilərdə 2,4, qadınlarda 2,7 dəfə daha çox aşkarlanıb. Yumurtalıq və uşaqlıq xərçəngi riski 2,4 dəfə artıb. Qaraciyər, ağciyər, yoğun bağırsaq və sidik kisəsi xərçəngi təxminən iki dəfə daha çox müşahidə edilib. Süd vəzi xərçəngi subay qadınlarda 1,7 dəfə, prostat xərçəngi isə subay kişilərdə 1,5 dəfə yüksək olub.

Alimlər bunu nə ilə izah edirlər?
Mütəxəssislərin fikrincə, nikahın özü sağlamlığı birbaşa yaxşılaşdırmır. Qoruyucu təsir daha çox həyat tərzi ilə bağlıdır.

Birinci səbəb odur ki, heç vaxt evlənməyən insanlar statistik baxımdan daha riskli davranışlara meylli olurlar. Bu, xüsusilə insan papilloma virusu (HPV), HİV kimi infeksiyalara yoluxma ehtimalını artırır və nəticədə bəzi xərçəng növlərinin yaranma riskini yüksəldir.

Bundan başqa, siqaret çəkmək və spirtli içkilərdən istifadə kimi zərərli vərdişlər də bu qrupda daha çox rast gəlinir. Bu isə ağciyər, qida borusu və qaraciyər xərçəngi riskinin artmasına səbəb olur.

İkinci mühüm amil isə sosial dəstəkdir. Alimlərin fikrincə, evli insanlar bir-birlərinin sağlamlığına daha çox diqqət yetirir, həkimə vaxtında müraciət etməyə təşviq edir və sağlam həyat tərzi sürməyə daha çox motivasiya olunurlar. Bu da xəstəliklərin erkən aşkarlanmasına və qarşısının alınmasına kömək edir.

İrina Yakutenko vurğulayır ki, yüksək gəliri olan, siqaret çəkməyən, spirtli içkidən sui-istifadə etməyən, təhlükəli davranışlardan uzaq duran, mütəmadi tibbi müayinədən keçən və sağlam həyat tərzi sürən insanların xərçəng riski ailə vəziyyətindən asılı olmayaraq aşağı ola bilər. Lakin real həyatda bu xüsusiyyətlər daha çox evli insanlarda müşahidə olunur.

Araşdırmanın müəllifləri hesab edirlər ki, ailə vəziyyətinin də xərçəng riskinin qiymətləndirilməsi sistemlərinə daxil edilməsi yüksək risk qruplarının daha dəqiq müəyyənləşdirilməsinə və profilaktik tədbirlərin gücləndirilməsinə kömək edə bilər.//Lent.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki