Ekspertlər bildirir ki, qlobal istiləşməni təsdiq edən konkret əlamətlər yoxdur. Yer kürəsinə düşən yağıntılarla planetin su balansı tənzimlənir və nə qədər yağış düşürsə, o qədər də su buxarlanır. Əgər balans bir qədər də dəyişsə, bu, planet üçün ciddi fəsadlar yarada bilər. Hazırda əsas məsələ israf istifadənin çox olmasıdır. Son 20-30 ildə əhali 2-3 milyon nəfər artıb, bu da suyun istifadəsini xeyli artırır. Ərzaq təminatından başlayaraq, paltar istehsalına qədər çoxlu miqdarda su istifadə olunur və bu, planetdə suya olan ehtiyacın artmasına gətirib çıxarır.
Referans Media-ya açıqlama verən AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, Azərbaycanın əsas öhdəçiliyi ölkə su ehtiyatlarının səmərəli istifadəsidir. Hazırda ölkədə su ehtiyatı 4,1 milyard kub kilometr təşkil edir ki, bu da normal istifadə şərtlərində yetərlidir. Əgər su ehtiyatlarından düzgün istifadə olunarsa, həm su sahəsində, həm də digər sahələrdə problem yaranmayacaq.
Ənvər Əliyev əlavə edib ki, ölkədə sət suları və çoxsaylı çaylar mövcuddur. Məsələn, Balakən çayından başlayaraq Qusar çayına qədər ərazidə böyük su ehtiyatları var. Bir yağıntıda və ya daşqında illik su balansımızın böyük hissəsi bu çaylara tökülür. Buna görə də hər bir çayın üstündə su anbarlarının tikilməsi vacibdir ki, ani daşqınlar və fəsadlar qarşısı alınsın və gələcəkdə su ehtiyatlarından istifadə olunsun.
Ekspert qeyd edib ki, əsas su ehtiyatları ilin daha çox yağışlı dövründə – yazın axırı və yayın əvvəlində – toplanır. Bu dövrlərdə səmərəli istifadə üçün planlar qurmaq mümkündür. Xəzər dənizinin səviyyəsi də periodik dövrlər üzrə dəyişir və buna uyğun idarə olunmalıdır. Su ehtiyatlarından düzgün istifadə, sət sularının nizama salınması və bəzi ehtiyatların ikinci dəfə təmizlənərək istifadəsi suvarma və digər sahələr üçün yetərli hesab olunur. Drajlı və 4-5 faiz duzluluğu olan drenaj sularının təmizlənərək yenidən istifadə olunması da mümkündür.
Ənvər Əliyev vurğulayıb ki, bütün bunlar göstərir ki, Azərbaycanın su ehtiyatlarından səmərəli istifadə vacibdir və əgər bu şərtlər təmin olunarsa, ölkənin su ehtiyatları ilə bağlı ciddi problem olmayacaq.
Gülnaz Abdullazadə.
