Bakıda taksi, metro və avtobus xidmətlərinin vahid sistemdə inteqrasiyası istiqamətində aparılan yeniliklər fonunda taksilərin avtobus zolaqlarından istifadəsinə icazə verilməsi məsələsi yenidən müzakirə olunur. Mütəxəssislər hesab edir ki, bu addım yalnız ciddi nəzarət, vahid standartlar və düzgün tənzimləmə şəraitində mümkün ola bilər.
Referans Media-ya açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, hazırda Bakıda nəqliyyat axınlarının qarışması müşahidə olunur və bunun nizama salınması üçün ayrılmış avtobus və mikromobillik zolaqlarının təşkili ilə bağlı qərarlar qəbul edilib.
Onun sözlərinə görə, bu yanaşma mövcud vəziyyətdə ən tez hiss olunan alternativlərin formalaşmasına, avtobusların orta sürətinin artmasına və sərnişin sayının yüksəlməsinə səbəb olur:
“Avtobusların daha stabil qrafiklə hərəkət etməsi üçün bu zolaqlar vacib rol oynayır”.
Ekspert qeyd edib ki, taksilərin də həmin zolaqlardan istifadəsi məsələsi zaman-zaman gündəmə gəlsə də, bunun ciddi tənzimlənməyə ehtiyacı var:
“Dünyanın fərqli şəhərlərində bunun nümunələri mövcuddur. Amma burada əsas məsələ vahid rəngin, vahid tanınma nişanının olmasıdır”.
Rauf Ağamirzəyev bildirib ki, bəzi ölkələrdə xüsusi kateqoriyalı taksilərə avtobus zolaqlarından istifadə icazəsi verilir:
“Məsələn, müəyyən kateqoriyalı avtomobillər eyni rəng və tanınma nişanı ilə fəaliyyət göstərir və daha yüksək xidmət standartına uyğun olduqları üçün zolaqdan istifadə edə bilirlər. Digər operatorlar isə ümumi hərəkət axınında qalırlar”.
Ekspert hesab edir ki, oxşar təcrübələr Azərbaycanda da gələcəkdə nəzərdən keçirilə bilər. Lakin hazırda daha vacib məsələ minib-düşmə nöqtələrinin artırılması və ictimai maarifləndirmənin gücləndirilməsidir.
Onun sözlərinə görə, şəhərin mərkəzində avtobus zolaqlarında dayanmağa icazə verilmədiyi üçün yaxın küçələrdə sərnişin minib-düşmə nöqtələrinin artırılması vacibdir:
“Vətəndaşlar və sürücülər bilməlidirlər ki, avtobus zolağına daxil olunduğu halda cərimə tətbiq edilir. Buna görə də alternativ nöqtələr əvvəlcədən planlaşdırılmalıdır”.
Rauf Ağamirzəyev əlavə edib ki, taksi tətbiqlərində də təkmilləşdirmələr aparılmalıdır. Onun fikrincə, sifariş zamanı sistem sərnişini birbaşa avtobus zolağı olmayan uyğun nöqtəyə yönləndirməlidir:
“Bu həm zolağa qanunsuz daxilolmanın, həm də cərimələrin qarşısını ala bilər. Dünyanın bir çox şəhərində artıq bu tip həllər tətbiq olunur”.
Ekspert sonda vurğulayıb ki, gələcəkdə vahid rəng, vahid tanınma sistemi və standartlaşdırılmış taksi modeli formalaşarsa, taksilərin avtobus zolaqlarından istifadəsi məsələsinə yenidən baxıla bilər.
Gülnaz Abdullazade
