35 yaşlı türkiyəli aktrisa Ece İrtemin ölümündən sonra anasının səsləndirdiyi fikirlər diqqət çəkib. Bildirilir ki, aktrisa spirtli içki qəbul etməklə yanaşı, antidepressant dərmanlardan da istifadə edib və nəticədə səhər ayılmayıb.
Son zamanlar bu preparatlara marağın artmasının səbəbi nədir? Ümumiyyətlə, bu baxımdan hansı risklər var?
Referans Media bildirir ki, Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, təkcə antidepressantlar deyil, bütün psixotrop dərmanlar həkim nəzarəti altında qəbul edilməlidir:
“Bu preparatların özbaşına qəbulu yolverilməzdir. Psixotrop dərmanların bir qismi asılılıq yarada bilir, bəzilərində isə müəyyən müddətdən sonra dozanın artırılmasına ehtiyac yaranır. Bu səbəbdən abstinensiya sindromunun və digər ağırlaşmaların qarşısını almaq üçün onların qəbulu mütləq həkim tərəfindən izlənilməlidir”.
A.Qeybullanın sözlərinə görə, psixotrop dərmanların alkoqolla birlikdə qəbulu xüsusilə təhlükəlidir və bu barədə xəstələr mütləq məlumatlandırılmalıdır:
“Bəzi hallarda antidepressantların və digər psixotrop preparatların yüksək dozada, xüsusilə də alkoqolla birlikdə qəbulu tənəffüs mərkəzinin fəaliyyətinin pozulmasına, hətta dayanmasına səbəb ola bilər. Belə hallarda baş verən qəfil ölümlərin səbəbi mütləq araşdırılmalı, ölümün birbaşa səbəbi dəqiq müəyyən edilməlidir. Bundan əlavə, bəzi psixotrop dərmanların həddindən artıq qəbulu təkbaşına da ciddi fəsadlar yarada bilər. Xüsusilə qan təzyiqi aşağı olan insanlarda dərin yuxu fonunda arterial təzyiq daha da enə, nəticədə ürək və beyində oksigen çatışmazlığı (hipoksiya) inkişaf edə bilər. Yəni burada müxtəlif risk amilləri mövcuddur. Ən vacib məqam ondan ibarətdir ki, psixotrop dərmanlar, xüsusilə uzunmüddətli istifadə zamanı, yalnız həkim nəzarəti altında qəbul edilməlidir”.
