“Bir çox universitetlər imtahansız qəbul olan subbakalavrlardan #narazıdır. Çünki onların əksəriyyəti işləyir, dərsə gəlmir. Üstəlik tədrisin keyfiyyətinə tab gətirə bilmirlər. Bu üzdən subbakalavrların qəbulunu bir çox universitetlər istəmir“.
Bu sözləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.
Bu fikirlərə söykənilərək yaxın müddətdə subbakalavrların universitetlərə imtahansız qəbulu dayandırıla bilərmi? Bu nə dərəcədə effektiv ola bilər?
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi Referans-a açıqlamasında bu sualları cavablandırıb.
“Məleykə xanımın da qeyd etdiyi kimi, ali təhsil müəssisələrinin bir çoxu subbakalavrların universitetlərə qəbul olmasını istəmirlər. Çünki bu, təhsil prosesində müəyyən problemlərin olmasına gətirib çıxarır. Bu nöqteyi nəzərdən, bütün universitetlər eyni səbəblərlə şikayət edərlərsə, düşünürəm ki, bir neçə ildən sonra subbakalavrların ali təhsil müəssisələrinə müraciəti dayandırıla bilər. Nazirlər Kabinetinin qərarı hələ ki qüvvədədir. Bu qərar əsasında 2012-ci ildən bu yana orta ixtisas təhsili müəssisələrini bitirən şəxslər universitetlərə imtahansız formada qəbul prosesində iştirak edə bilirlər. Demək olar ki, bu qərar artıq 5 ili əhatə edir. 5 ildir ki, subbakalavrlar ümumi ortalama göstəriciləri əsasında ali təhsil müəssisələrinin müsabiqəsində imtahansız iştirak edirlər”.
Ekspert qeyd edib ki, Azərbaycanda kollec istiqamətinə daha çox ali təhsil müəssilərinə qəbul ola bilməyən şəxslər yönəlir. Onlar bunu həm də kolleclərdə oxumağı sonradan imtahansız formada ali təhsil ala bilmələri üçün seçir.
“Orta ixtisas təhsilini bitirən şəxslər artıq ixtisasları ilə bağlı birbaşa ali təhsil müəssisələrinə qəbul olurlar. Nəticə etibarı ilə bu, onların həm akademik göstəricilərinə, həm də tədris prosesinə mane olur. Problemin həlli üçün biz tədris prosesində formal yox, obyektiv qiymətləndirməni təşkil etməliyik. Çünki bu qərardan sonra təəssüflər olsun ki, bir çox halda təhsilalanların böyük əksəriyyəti ümumi ortalama göstəricilərini hansısa üsullarla daha yüksək yazdırırlar. Çünki həmin bal əsasında birbaşa qəbul aparılır. Nəticələri 85-90 bal üzəri olan subbakalavrlar digərləri ilə müqayisədə daha rahat qəbul ola bilirlər. Ona görə də formal qiymətləndirməni aradan qaldırmaq lazımdır ki, onların aldıqların qiymət real biliklərini əks etdirsin. Belə olan halda biz kolleclərdən ali təhsil istiqamətlərinə qəbul olan şəxslərin daha hazırlı olduqlarından əmin ola bilərik. Əks halda ali təhsil müəssisələrində özünü doğrultmayan subbakalavrların ucbatından bir neçə il sonra bu proses təmamilə ləğv oluna bilər”.
Fidan Vəlisoy
