Müğənni Ülviyyə Namazova oxumaq üçün getdiyi restoranda problemlə üzləşib.
Referans Media Oxu24.com-a istinadən xəbər verir ki,bu barədə sənətçi sosial şəbəkə hesablarında video paylaşıb.
İfaçı paylaşımında Bakıda yerləşən "Mona Liza" şadlı sarayı haqqında iddialar səsləndirib.
Xanım sənətçi qeyd edib ki,toy oxumaq üçün sözügedən məkana getsə də,zala buraxılmayıb.
"Özünü İmdad kimi təqdim edən şəxs mənə bildirdi ki,bu şadlıq sarayında oxumaq üçün mənə 500 manat pul verməlisən.Həmin şəxs ev sahibinə hədə-qorxu gəldi ki,əgər Ülviyyə xanımı gətirsəniz,toya 3-4 gün qalmış sizin məclisinizdən imtina edəcəyik.İndi çıxılmaz vəziyyətdə qalmışıq."Mona Liza"nın sahibi kimdirsə,bu özbaşnalığa son qoysun",-deyə ifaçı bildirib.
Oxu24.com iddialarla bağlı "Mona Liza" şadlıq sarayı ilə əlaqə saxlayıb.Mövzu ilə bağlı sualımızı eşidən şadlıq sarayının əməkdaşı danışmaqdan imtina edib.
Qeyd edək ki,"Mona Liza" şadlıq sarayı Bakı şəhəri, Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində yerləşir və “Avşarlar" MMC-yə məxsusdur.Şadlıq sarayı ötən ilin aprel ayında saxta içki və keyfiyyətsiz qida verməklə gündəmə gəlmişdi.Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra ciddi nöqsanlar müəyyən edilmişdi.
