Maaş ayın sonuna çatmır: Ailə büdcəsini necə qorumaq olar?

Son illər insanlar əməkhaqlarının ayın sonuna qədər çatmamasından narazılıq edirlər. Mütəxəssislər bunun əsas səbəblərini iki amillə əlaqələndirirlər. Bunlardan biri ölkədə hər ay sürətlə davam edən bahalaşma, digəri isə əməkhaqlarının artmamasıdır.

Statistikaya əsasən, ailələrin əksəriyyəti əməkhaqlarının marketlərdən alınan ərzaq məhsullarının xərclərini qarşılamağa kifayət etmədiyini bildirir.

Referans Media bildirir ki, mövzu ilə bağlı Marketoloq Samir Mehdiyev Qaynarinfo-ya açıqlamasında qeyd edib ki, əməkhaqqı ilə dolanan ailələrdə ailə büdcəsi standart şəkildə planlaşdırılmalıdır:

“Təbii ki, fors-major xərclər istisna olmaqla, insanlar hər zaman növbəti ayın xərclərini əvvəlcədən planlaşdırmalıdırlar. Düzdür, bu, həmişə mümkün olmur. Toylar, ad günləri, gözlənilməyən xərclər, təmir və s. kimi əlavə məsrəflər də yarana bilir. Amma xərcləri əvvəlcədən planlaşdırmaq ay ərzində lazımsız xərclərin qarşısını almağa kömək edir.

İnsanlar təxminən bilirlər ki, gələn ay onlara hansı miqdarda ərzaq məhsulları lazım olacaq. Həmin məhsulların hansı marketlərdə endirimlə satıldığını əvvəlcədən müəyyənləşdirərək bu yolla müəyyən qənaət əldə etmək olar”.

Samir Mehdiyev hazırda bütün marketlərin sosial şəbəkə səhifələrinin olduğunu və mütəmadi olaraq endirimlərlə bağlı məlumatlar paylaşdığını xatırladıb:

“Bu səhifələri izləməklə qənaət üsuluna keçə bilərlər. İnsan özünü artıq və ehtiyac olmayan xərclərdən azad etsə, bu, ailə büdcəsinə, eləcə də şəxsi büdcəyə ciddi şəkildə təsir edir. Bunları planlı formada etdikdə bir müddətdən sonra artıq xərclərin insanın maliyyə yükünə xeyli təsir göstərdiyi aydın görünür”.

Marketoloq hesab edir ki, ailələr artıq xərcləri azaltdıqdan sonra həmin vəsaiti daha vacib ehtiyaclara yönəltsələr, bu, ailə büdcəsinə müsbət təsir göstərəcək:

“Düzdür, bir aydan sonra bizi hansı xərclərin gözlədiyini əvvəlcədən tam bilmək mümkün deyil. Amma ən azı 70 faizini proqnozlaşdırmaq olar. Toy, ad günü, uşağın məktəbə getməsi, kommunal xərclər və s. kimi məsrəfləri əvvəlcədən planlaşdıranda xərcləri nisbətən daha optimal şəkildə bölmək mümkündür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki