ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinin Vaşinqtona gözlənilən səfəri öncəsi iki ölkə arasındakı məxfilik və casusluq mübarizəsi barədə səmimi və qalmaqallı bəyanatla çıxış edib.
Referans Media xəbər verir ki, jurnalistlərə açıqlama verən Tramp iki həftə sonra Çin liderini Ağ Evdə geniş dövlət şam yeməyində qəbul edəcəyini və onunla çox yaxşı münasibətlərə malik olduğunu bildirib.
Bununla belə, Birləşmiş Ştatlar rəhbəri Pekinin kəşfiyyat fəaliyyətlərinə də toxunaraq maraqlı etiraf edib: "İnsanlar deyirlər ki, 'o, bizə casusluq edir'. Yaxşı, biz də ona casusluq edirik. Bilirsiniz, biz də bu işi çox yaxşı bacarırıq".
Tramp tərəflər arasında kəşfiyyat sahəsindəki qarşılıqlı nəzarət və izləmənin mövcudluğuna baxmayaraq, Si Cinpinlə şəxsi dialoqun və diplomatik əlaqələrin yüksək səviyyədə davam etdiyini vurğulayıb./Musavat.com/
