“Tikinti dayandırılıb” deyirlər, amma hər gün böyüyür – Vətəndaş BŞİH-ə məktub yazır

“Bizə dəfələrlə bildiriblər ki, tikinti dayandırılıb. Əgər doğrudan da dayandırılıbsa, bəs hər gün böyüyən bu tikililər necə meydana çıxır? Göz önündə aparılan tikintini görməmək mümkün deyil”.

Referans Media bildirir ki, bu sözləri Musavat.com-a Mehdiabad sakini Cavid Aslanov bildirib. Onun sözlərinə görə, qəsəbədə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri ətrafında mübahisələr səngimək bilmir.

Cavid Aslanov bildirir ki, Mehdiabad-Novxanı avtomobil yolunun kənarında, “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında yerləşən ərazidə iri həcmli anbar tipli tikililər inşa edilir. Onun sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət olunsa da, verilən rəsmi cavablarla ərazidə müşahidə olunan faktiki vəziyyət arasında ciddi ziddiyyət var. Şikayətçi qeyd edir ki, ərazidə tikinti işləri açıq şəkildə davam etdirilir və buna baxmayaraq, aidiyyəti dövlət qurumları tədbirlər görmür. Onun fikrincə, məsələ ilə bağlı aparılan yazışmalar formal xarakter daşıyır, lakin yerində vəziyyət dəyişmir.

“Əgər tikinti həqiqətən dayandırılıbsa, ərazidə hər gün böyüyən tikililər necə inşa olunur? Əgər tikinti davam edirsə, bəs dövlət nəzarəti haradadır?”, - deyə Cavid Aslanov sual edir.

Məsələnin hüquqi tərəfi də diqqət çəkir. Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililərin inşası və quraşdırılması qaydalarında bu kateqoriyaya aid torpaqlarda hansı tikililərin yerləşdirilməsinə icazə verildiyi dəqiq müəyyənləşdirilib. Həmin qaydalara əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız müvəqqəti xarakter daşıyan, torpaq üzərində yerləşdirilən, qısa müddətdə istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından hazırlanmış və xüsusi texnika cəlb edilmədən quraşdırılıb-sökülə bilən tikililər yerləşdirilə bilər. Bu tikililər torpaqla beton əsaslı bağlılığa malik olmamalı, dəmir-beton konstruksiyalardan ibarət olmamalı və ayrıca dirəkaltı bünövrələr üzərində quraşdırılmalıdır. Qaydalarda bu tikililərin təyinatı da konkret göstərilib. Onlardan kənd təsərrüfatı texnikasının, avadanlıqların, ot və yemin, dərman preparatlarının (zəhərli kimyəvi maddələr istisna olmaqla) müvəqqəti saxlanılması, çoban evlərinin, yataqların, eləcə də işçilərin istirahəti və sanitariya-gigiyena ehtiyaclarının təmin edilməsi məqsədilə istifadə oluna bilər. Başqa sözlə, təsdiq edilmiş qaydalar kənd təsərrüfatı təyinatlı torpaqlarda beton əsaslı daimi anbarların, iri istehsalat obyektlərinin, yaşayış evlərinin, tövlələrin və digər əsaslı tikililərin inşasına icazə vermir. Bu yanaşma Torpaq Məcəlləsinin və Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri ilə də uzlaşır. Həmin qanunvericilik aktlarına əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar yalnız təyinatına uyğun istifadə edilməli, onların başqa məqsədlər üçün istifadəsi isə yalnız qanunvericiliyin müəyyən etdiyi prosedurlar çərçivəsində mümkündür. Məhz buna görə də Mehdiabadda inşa olunduğu iddia edilən iri həcmli anbarların hüquqi statusu ilə bağlı suallar yaranır. Əgər həmin tikililər həqiqətən beton əsaslı və daimi istifadə üçün nəzərdə tutulubsa, onların hansı hüquqi əsaslarla tikildiyi izah edilməlidir.

Bununla yanaşı, qanunsuz tikinti faktları aşkar edildikdə aidiyyəti dövlət qurumlarının operativ müdaxilə etməsi qanunvericiliyin tələbidir. Bu baxımdan, ərazi əkin təyinatlı torpaq sahəsidirsə və tikinti qanunvericiliyin tələblərinə zidd aparılırsa, indiyədək hansı nəzarət tədbirlərinin görüldüyü, tikintinin dayandırılması və ya sökülməsi istiqamətində hansı addımların atıldığı barədə rəsmi açıqlamanın verilməməsi suallar doğurur.

Cavid Aslanov məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və digər aidiyyəti qurumlara müraciətlər etdiyini, lakin hər hansı bir nəticənin olmadığını da vurğulayıb. Bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət hazırlayır.

Mövzunu diqqətdə saxlayacağıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki