Kapitandan şok qərar! Henderson 12 ildən sonra rəqib komandaya keçdi

İngiltərə Premyer Liqasında diqqətçəkən transfer reallaşıb. Uzun illər "Liverpul" formasını geyinən və komandanın kapitanı olan Jordan Henderson karyerasını klubun əzəli rəqiblərindən "Çelsi"də davam etdirəcək.

Referans Media xəbər verir ki,  London təmsilçisi 36 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzaladığını rəsmən açıqlayıb. Henderson bundan əvvəl "Brentford"la qarşılıqlı razılaşma əsasında yollarını ayırmışdı.

Jordan Henderson 2011-2023-cü illər ərzində 12 mövsüm "Liverpul" formasını geyinib. Təcrübəli futbolçu uzun illər komandanın kapitanı olub və "qırmızılar"ın heyətində 7 böyük kubok qazanaraq klub tarixində iz qoyub.

Onun "Liverpul"un əsas rəqiblərindən biri olan "Çelsi"yə transferi isə İngiltərə futbolunda böyük əks-səda yaradıb.

"Liverpul"dan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanının "Əl-Ettifaq" klubunda və Niderlandın "Ayaks" komandasında çıxış edən Henderson ötən mövsüm "Brentford"a keçərək Premyer Liqaya qayıtmışdı.

Təcrübəli yarımmüdafiəçi "Brentford" forması ilə 32 oyunda meydana çıxıb. İndi isə yeni mövsümdə Çelsi"nin uğurları üçün mübarizə aparacaq.

Henderson 2026 FIFA Dünya Kubokunda İngiltərə millisinin heyətində də tarixə düşüb. O, Panama ilə oyunda meydana çıxaraq dörd fərqli Dünya Kubokunda iştirak edən ilk ingilis futbolçu olub.

Təcrübəli futbolçunun Çelsi" transferi həm Premyer Liqada, həm də "Liverpul" azarkeşləri arasında ən çox müzakirə olunan xəbərlərdən birinə çevrilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki