Türkiyə Superliqasında ilk yarını ikinci pillədə tamamlayan “Fənərbağça” çempionluq mübarizəsini davam etdirərkən, ara transfer dövrü üçün heyətini gücləndirmək istiqamətində çalışmalarını sürdürür. Sarı-lacivertli klubun orta xətt üçün gündəmində olan transferindən yeni xəbər var.
Referans Media xəbər verir ki, “Fənərbağça” PSV-nin yarımmüdafiəçisi Joey Veerman ilə prinsipial razılığa yaxın olsa da, keçirilən son transfer toplantısından sonra bu keçid müvəqqəti olaraq gözləməyə alınıb. Klub daxilində baş tutan iclasda baş məşqçi Domeniko Tedesko və futbol şöbəsinin rəhbəri Ertan Torunoğulları iştirak edib.
İtalyan jurnalist Fabrizio Romanonun məlumatına əsasən, Veerman transferi ləğv edilməyib, lakin rəhbərlik alternativ namizədlərə daha çox diqqət ayırmağa başlayıb. Klubun transfer üçün tələsmədiyi vurğulanır.
Digər tərəfdən, “İnter”in yarımmüdafiəçisi Davide Frattezi də “Fənərbağça”nın siyahısında yer alır. İtaliya təmsilçisinin futbolçu üçün təxminən 30 milyon avro tələb etdiyi bildirilir. “İnter”in Frattezini birbaşa rəqibi “Yuventus”a satmaq istəmədiyi, lakin məcburi satınalma şərti ilə icarəyə müsbət yanaşdığı qeyd olunur.






















