“Fənərbağça”nın baş məşqçisi İsmail Kartal “Qalatasaray”a 2:1 hesabı ilə məğlub olduqları derbidən sonra açıqlamalar verib.
Referans Media xəbər verir ki, İsmail Kartal komandasının ilk hissədə istədiyi oyunu nümayiş etdirə bilmədiyini, ikinci hissədə isə toparlanaraq mübarizəyə qoşulduğunu bildirib.
Matçı dəyərləndirən İsmail Kartal deyib: “Bu mövzularla bağlı çox danışmaq istəmirəm. İlk hissədə bizə yaraşmayan oyun oynadıq. İkinci hissədə toparlandıq və qol vurduq. İstəmədiyimiz məğlubiyyətlə oyunu başa vurduq. Səbəbləri öz aramızda dəyərləndirəcəyik. Bu matçı geridə qoyub önümüzə baxmaq istəyirik”.
İsmail Kartal ikinci hissədə daha yaxşı mübarizə apardıqlarını vurğulayıb: “Təəssüf ki, ilk hissədə istədiyimiz oyunu oynaya bilmədik. Bizə yaraşmayan oyun göstərdik. İkinci hissədə daha yaxşı mübarizə apararaq oyuna şərik olmağa çalışdıq. Bu axşam bacardığımız bu qədər oldu. Azarkeşlərimizdən üzr istəyirik. Önümüzə baxırıq”.
“Beşiktaş” derbisindən sonra “Qalatasaray”a da məğlub olan “Fənərbağça”nın çalışdırıcısı derbilərdə qələbə qazana bilməmələrinin çempionluq yolunda hədəflərinə mane olmadığını bildirib.
İsmail Kartal deyib: “Bu liqada derbi qazanmadan da çempion olmaq mümkündür. Daha əvvəl də belə olub. Bu il biz də bunu bacara bilərik. Hədəfimizdən heç bir sapma yoxdur”.
