Dünən Türkiyənin “Sözçü” kanalında yayımlanan proqramda aparcı Sərdar Cebe iddia edir ki, İran müharibəsində Trampın masasına “Azərbaycan variantı” qoyulub. İrana cənubdan quru əməliyyatının keçirilməsi planı baş tutmayan ABŞ şimaldan – Azərbaycandan müdaxilə variantı üzərində düşünür.
Referans Media axar.az-a istinadla bildirir ki, adətən müharibə planı ilə bağlı məlumatlar beynəlxalq mediada ortaya çıxır. Belə bir məlumat, iddia, yaxud fikir nə beynəlxalq, nə də ABŞ mediasında var. “Sözçü” isə “Trampın masasına qoyulan Azərbaycan variantını” özlərinin əldə etdiyi iddiasındadır. Bu məqam iddianın təkcə doğru olmadığını göstərmir, həm də Azərbaycana qarşı məqsədyönlü şəkildə ortaya atıldığını deməyə əsas verir.
İddianın davamında qeyd edirlər ki, “müharibədən öncə Azərbaycana hərbi qüvvələrin toplandığı” xəbərləri yayılmışdı. Belə bir məlumat olmayıb, əksinə, Vensin regiona səfəri zamanı ABŞ-dan Ermənistana hərbi yüklərin daşındığı deyilirdi. “Sözçü”nün diqqəti Ermənistanın yox, məhz Azərbaycanın üzərinə çəkməsi də Bakıya qarşı davamlı təbliğatın tərkib hissəsidir.
Bu cür iddialar İran müharibəsində Azərbaycanın hədəf göstərilməsi məqsədi daşıyır.
Qeyd edək ki, Sözçü TV və “Sözçü” qəzeti Ərdoğan iqtidarına qarşı sərt müxalifətdədir.























