İran parlamentinin mətbuat xidmətinin rəhbəri Mehdi Rəhimi ölkəsinin kollektiv müdafiə haqqında “Məkkə sazişi”nə qoşulmaq üçün dəvət aldığını açıqlayıb. Rəhimi bildirib ki, İran hakimiyyəti hazırda bu təklifi nəzərdən keçirir. Onun sözlərinə görə, region ölkələri arasında “təhlükəsizlik çətiri”nin yaradılması İranın maraqlarına uyğundur.
Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında imzalanan bu sazişə İranın dəvət edilməsinin səbəbi nədir? Bunun Tehrana nə kimi müsbət təsiri ola bilər?
Referans Media bildirir ki, məsələ ilə bağlı, Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Rəhiminin səsləndirdiyi iddia hələlik sazişi imzalayan tərəflər və ya İranın Xarici İşlər Nazirliyi tərəfindən rəsmi şəkildə təsdiqlənməyib:
“Bu sənəd regional təhlükəsizlik baxımından yeni format formalaşdırır. Sazişin əsas prinsipi iştirakçılardan birinə qarşı silahlı hücumun bütün tərəflərə qarşı hücum kimi qiymətləndirilməsidir. Türkiyə isə sənədin konkret hər hansı ölkəyə qarşı yönəlmədiyini və digər regional dövlətlərin də bu mexanizmə qoşula biləcəyini açıqlayıb. Bu baxımdan İranın dəvət edilməsi ilə bağlı məlumat doğrudursa, bunu ilk növbədə regional təhlükəsizlik mexanizmini daha əhatəli və legitim etmək cəhdi kimi qiymətləndirmək mümkündür. İran Yaxın Şərqin mühüm hərbi-siyasi aktorlarından biridir. Bu səbəbdən Tehranın kənarda qaldığı təhlükəsizlik mexanizminin regionda davamlı sabitliyin təmin edilməsində müəyyən çətinliklərlə üzləşməsi mümkündür. Saziş tərəfləri kollektiv müdafiə mexanizminin Tehrana qarşı formalaşdırılmış blok olmadığını göstərmək məqsədilə belə bir addım atmış ola bilərlər”.
Politoloq bildirib ki, Tehran uzun illərdir Səudiyyə Ərəbistanı ilə regional rəqabət aparır:
“İranın bu mexanizmə daxil olması isə iki ölkə arasında münasibətlərin rəqabətdən müəyyən məsələlər üzrə koordinasiyaya doğru dəyişməsinə zəmin yaradır. Bu, xüsusilə Körfəz regionunda gərginliyin azaldılması baxımından əhəmiyyətli nəticə ola bilər.
Türkiyə üçün İranın iştirakı Ankaranın vasitəçi və regional təhlükəsizlik aktoru kimi mövqeyini gücləndirəcək. Pakistanın maraqları isə daha fərqli xarakter daşıyır. İslamabad həm Səudiyyə Ərəbistanı ilə müdafiə əlaqələrinə, həm də İranla qonşuluq münasibətlərinə malikdir. Tehranın sazişə qoşulması Pakistanı iki tərəf arasında potensial körpü roluna gətirə bilər.

Yusif Bağırzadə
İran baxımından məsələyə yanaşdıqda, Tehran uzun müddətdir regional təhlükəsizliyin region ölkələrinin iştirakı və xarici güclərin daha az müdaxiləsi şəraitində təmin edilməsini müdafiə edir. Bu baxımdan Rəhiminin sözügedən dəvəti “İran üçün qələbə” adlandırması təsadüfi görünmür. Tehran bunu uzun müddətdir irəli sürdüyü yanaşmanın müəyyən mənada qəbul edilməsi kimi təqdim etməyə çalışa bilər”.
Onun sözlərinə görə, belə bir təhlükəsizlik formatına qoşulmaq İrana Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan kimi mühüm dövlətlərlə institusional təhlükəsizlik dialoqunda iştirak imkanı yaradar:
“Bununla yanaşı, İran üçün mümkün risklər də az deyil. Kollektiv müdafiə mexanizminə qoşulmaq müəyyən öhdəliklər yaradacaq. Bu, Tehranın bəzi regional tərəfdaşları və xarici siyasət prioritetləri ilə ziddiyyət təşkil edə bilər. Eyni zamanda, İranın sazişə qoşulduğu təqdirdə nümayiş etdirəcəyi mövqe də mühüm əhəmiyyət daşıyacaq. Əgər Tehran bu platformanı regional dialoq, qarşılıqlı təhlükəsizlik və gərginliyin azaldılması üçün istifadə edərsə, bu yanaşma hətta ABŞ tərəfindən də müsbət qarşılana bilər. Əksinə, İran mexanizmdən regional hərbi təsirini artırmaq məqsədilə yararlanmağa çalışarsa, yeni problemlərin ortaya çıxması mümkündür. Lakin bir daha vurğulayım ki, hazırda sazişin praktiki mexanizmləri, kollektiv müdafiə prinsipinin hansı hallarda işə düşəcəyi və İranın bu formata dəvət edilməsi ilə bağlı məlumatlar tam aydın deyil. Eyni zamanda, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan tərəfindən Tehranın dəvət olunması barədə məlumat hələ rəsmi şəkildə təsdiqlənməyib”.
