Braziliyada 24 yaşlı gənc qadının itkin düşməsi ilə bağlı aparılan araşdırma dəhşətli hadisəni üzə çıxarıb. Qadının keçmiş sevgilisi tərəfindən qaçırıldığı və kirayə götürdüyü evdə 5 gün ərzində zorla saxlanıldığı müəyyənləşib.
Referans Media xəbər verir ki, polisin keçirdiyi əməliyyat zamanı qadın yatağa zəncir, kəndir və qandallarla bağlanmış vəziyyətdə tapılıb. Onun kömək üçün qışqırmasının qarşısını almaq məqsədilə üzünə qaz maskası taxıldığı müəyyən edilib.
Hadisə Braziliyanın Aguas Lindas de Qoyas şəhərində baş verib. Gənc qadın avqustun 17-də görüşə getmək üçün evdən çıxıb. Bundan sonra ondan xəbər ala bilməyən ailəsi polisə müraciət edərək itkin düşməsi barədə məlumat verib. Polisin araşdırması nəticəsində şübhəlinin izinə düşülüb və qadının kirayə evdə saxlanıldığı müəyyən edilib. Avqustun 21-də həmin ünvana keçirilən əməliyyat zamanı polis qadını yatağa bağlanmış vəziyyətdə aşkar edib.
Hadisə yerindəki mənzərə istintaq əməkdaşlarını da dəhşətə gətirib. Məlum olub ki, keçmiş sevgilisi ayrılığı qəbul etmədiyi üçün qadını zorla saxlayıb.
Qadının kömək üçün qışqırmasının qonşular tərəfindən eşidilməsinin qarşısını almaq məqsədilə onun üzünə qaz maskası taxıldığı və ağzının bağlandığı müəyyən edilib.
Polis evdə axtarış zamanı sakitləşdirici dərmanlar, 9 millimetrlik tapança, eləcə də günlərlə istifadə üçün kifayət edəcək qədər ərzaq və içki ehtiyatı aşkarlayıb.
Əməliyyat zamanı qadını saxladığı iddia olunan Ailton Rodrigues de Souza hadisə yerindən qaçmağa çalışıb. Lakin polis əməkdaşları onun qarşısını alaraq şübhəlini saxlayıblar.
Xilas edilən qadın xəstəxanaya yerləşdirilib. Onun fiziki vəziyyətinin stabil olduğu, lakin yaşadığı ağır travma səbəbilə psixoloji müalicəsinin davam etdiyi bildirilib.
Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir.
