Kocaelinin Darıca rayonunda dənizdə cansız bədənləri tapılan üç bacı-qardaşın ölümü ilə bağlı araşdırmada yeni detallar ortaya çıxıb. İlkin yarılma nəticələrinə əsasən, Gülşah, Muhammet Ali və Belinay Sakarın ölüm səbəbinin suda boğulma olduğu ehtimal edilir. Üçünün də alkoqollu olduğu müəyyənləşib. Polis isə hadisənin qəza, yoxsa intihar olduğunu araşdırır.
Referans Media xəbər verir ki, hadisə Darıcanın Kazım Karabekir məhəlləsində, sahil ərazisində baş verib. Avqustun 20-də saat 16:00 radələrində sahilə üç cansız bədəninin olduğu barədə məlumat daxil olub.
Əraziyə göndərilən ekipajların apardığı araşdırma nəticəsində meyitlərin 24 yaşlı Gülşah, 17 yaşlı Muhammet Ali və 15 yaşlı Belinay Sakar bacı-qardaşlara məxsus olduğu müəyyənləşdirilib.
Onların üzərində paltarlarının olduğu, bədənlərində isə ilkin baxış zamanı zorakılıq və ciddi xəsarət izlərinin olmadığı bildirilib. Meyitlər yarılma üçün Gebze Ədliyyə Tibb Qurumu Mərkəzinə aparılıb. İstintaq çərçivəsində təhlükəsizlik kameralarının görüntüləri də araşdırılıb. Kadrlarda üç bacı-qardaşın saat 03:49-da birlikdə sahilə doğru getdikləri müəyyən edilib. Görüntülərdə Gülşah və Belinayın qol-qola, Muhammet Alinin isə onların yanında yeridiyi görünür. Digər bacı-qardaş B.S.-nin həmin vaxt evdə yatdığı, səhər saat 08:00 radələrində oyandıqda bacı-qardaşlarının evdə olmadığını gördüyü və onları axtarmaq üçün çölə çıxdığı bildirilir.
İlkin yarılma nəticələri istintaqın istiqamətinə də təsir edib. Üç bacı-qardaşın da alkoqollu olduğu müəyyənləşdirilib. İlkin tibbi qiymətləndirməyə əsasən, ölüm səbəbi suda boğulma kimi nəzərdən keçirilir. Onların bədənlərində dava və ya boğuşmaya işarə edən bıçaq və ya odlu silah yaralanmasına rast gəlinməyib. Bununla yanaşı, bacı-qardaşlardan birinin qulağında təzyiqə bağlı olduğu ehtimal edilən qanama və burnunda qan izi aşkarlanıb.
İstintaq zamanı ailənin şəxsi həyatı ilə bağlı bəzi məlumatlar da araşdırılır. Valideynlərinin boşandığı və ailədə müəyyən problemlərin yaşandığı iddia edilir. Bacı-qardaşların bəzi yaxınlarına anaları ilə birlikdə yaşadıqları evdən ayrılmaq istədiklərini söylədikləri də bildirilib. Gülşahın bu il hüquq fakültəsinə qəbul olduğu, Muhammet Ali və Belinayın isə liseydə təhsil aldıqları öyrənilib. Ailənin daha böyük qızının da 2016-cı ildə İzmirin Çeşmə rayonunda suda boğularaq öldüyü məlum olub.
İstintaq çərçivəsində ana Güler Saltanın və evdə qalan digər bacı-qardaş B.S.-nin ifadəsi alınıb. Hadisə barədə məlumatı olan digər şəxslərin də ifadələrinə müraciət edilib.
Polis üç bacı-qardaşın mobil telefonlarını və digər rəqəmsal materiallarını da araşdırır. Məqsəd onların hadisədən əvvəl kimlərlə əlaqə saxladığını, yazışmalarını və son hərəkətlərini müəyyənləşdirməkdir.
Hazırda əsas ehtimallardan biri bacı-qardaşlardan birinin təsadüfən dənizə düşməsi, digər ikisinin isə onu xilas etmək üçün suya girməsidir. Bununla yanaşı, onların birlikdə intihar etmiş ola biləcəyi ehtimalı da istisna edilmir.
Polis sahilə gedən marşrut üzrə və ətraf ərazilərdəki təhlükəsizlik kameralarının görüntülərini araşdırmağa davam edir. İstintaqın yekun nəticələri ekspertizaların tamamlanmasından sonra dəqiqləşəcək.
