Krımda Ukraynaya aid olduğu bildirilən pilotsuz uçuş aparatlarının hücumu nəticəsində bir sıra bölgələrdə insan tələfatı və infrastruktur zədələnməsi qeydə alınıb.
Referans Media bildirir ki, Krımın Rusiya tərəfindən təyin edilmiş rəhbəri Sergey Aksyönovun açıqlamasına görə, Azovskoye–Kerç istiqamətində hərəkət edən şəhərətrafı qatara edilən hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Eyni zamanda Simferopolda qeyri-yaşayış binalarına edilən hücum nəticəsində daha 3 nəfərin öldüyü, 7 nəfərin isə yaralandığı bildirilib.
Rusiya mənbələrinin məlumatına görə, hücumlar səbəbindən Krımı Rusiya ilə birləşdirən Kerç körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.
Sevastopol vilayətinin qubernatoru Mixail Razvojayev isə gecə saatlarında şəhərə qarşı pilotsuz uçuş aparatları ilə hücumun dəf edildiyini bildirib. Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri təxminən 20 PUA-nı zərərsizləşdirib.
Qeyd edək ki, son aylarda Krım yarımadası və Sevastopol bölgəsi dron və raket hücumlarının tez-tez hədəfinə çevrilir.
