"WhatsApp" tətbiqinin "iOS" versiyasında mesaj göndərilməsi üçün yeni animasiyalar test edilməyə başlanılıb. Funksiya "TestFlight" vasitəsilə əlçatan olan "iOS" üçün "WhatsApp"ın son beta versiyasında ortaya çıxıb.
Bu barədə "9to5Mac" nəşri "WABetaInfo"nun (WBA) hesabatına istinadən məlumat yayıb.
WBA-nın məlumatına görə, platforma vaxtilə sistemdən çıxarılan mesaj animasiyalarını yenidən bərpa edir. Tərtibatçılar istifadəçilərə bu effekti tənzimləmələr bölməsi vasitəsilə deaktiv etmək imkanı da yaradıblar. Sözügedən funksiya üçün nəzərdə tutulan keçid "Çatlar" menyusunda emojilər, stikerlər və GIF faylları ilə bağlı animasiya seçimlərinin yaxınlığında yerləşdirilib.
Yeni versiyada mesajlar artıq ani şəkildə görünmür. İndi mesaj "qabarcığı" çatda sönmə və ölçüsünün bir qədər böyüməsi effekti ilə rəvan şəkildə peyda olur.
Hazırda bu yenilik yalnız "iOS" üçün "WhatsApp"ın beta sınaqlarında iştirak edən məhdud sayda istifadəçi üçün aktivdir. Qeyd edək ki, oxşar funksiya bir müddət əvvəl "Android" cihazları üçün təqdim olunan beta versiyada da müşahidə edilmişdi.
Yeni animasiyanın bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi hələ açıqlanmayıb. Lakin funksiyanın eyni vaxtda həm "iOS", həm də "Android" platformalarında sınaqdan keçirilməsi onun yaxın zamanda daha geniş auditoriyaya təqdim oluna biləcəyindən xəbər verir. (Oxu.Az)
