Süni intellekt bunu bacarmır - YENİ NƏTİCƏ

Beynəlxalq alimlər qrupu müasir süni intellekt modellərinin indiyədək kifayət qədər diqqət yetirilməyən ciddi bir zəifliyini müəyyən edib.

Araşdırma göstərib ki, diqqətin uzun müddət saxlanılmasını tələb edən tapşırıqlarda süni intellekt sistemlərinin performansı kəskin şəkildə aşağı düşür.

Referans Media  xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu elmi jurnal olan PNAS Nexus-da dərc olunub. Araşdırma çərçivəsində alimlər 1935-ci ildə hazırlanmış məşhur Stroop testindən istifadə ediblər. Bu testdə iştirakçıya rəng adları göstərilir, lakin sözlər onların ifadə etdiyi rəngdən fərqli rənglə yazılır. Məsələn, “qırmızı” sözü yaşıl rəngdə təqdim edilir. Tapşırıq isə sözün mənasını deyil, yazıldığı rəngi müəyyən etməkdir. Tədqiqatçılar testi süni intellekt modellərinə uyğunlaşdıraraq GPT-4o, GPT-5, Claude 3.5 Sonnet, Claude Opus 4.1 və Gemini 2.5 modellərini sınaqdan keçiriblər.

Nəticələr göstərib ki, qısa tapşırıqlarda bütün modellər yüksək dəqiqlik nümayiş etdirir. Lakin tapşırığın uzunluğu artdıqca nəticələr sürətlə pisləşir. Məsələn, GPT-4o beş sözdən ibarət testdə 91 faiz düzgün cavab versə də, on sözdə bu göstərici 57 faizə, qırx sözdə isə cəmi 15 faizə düşüb. Claude 3.5 Sonnet modeli də 20 sözə qədər sabit nəticə göstərsə də, daha uzun tapşırıqlarda dəqiqliyi 24 faizə qədər azalıb. Alimlərin sözlərinə görə, tapşırıq uzandıqca modellər ilkin təlimatı tədricən “unudur” və öyrədildikləri ən güclü davranış modelinə qayıdırlar.

Nəticədə onlar rəngi müəyyən etmək əvəzinə sadəcə sözü oxumağa başlayırlar. Tədqiqat müəllifləri bildirirlər ki, bu nəticələr insan beyni ilə süni intellekt arasındakı əsas fərqlərdən birini ortaya qoyur. İnsanlar uzun müddət diqqəti qoruyaraq avtomatik reaksiyaları nəzarətdə saxlaya bildiyi halda, mövcud süni intellekt modelləri uzunmüddətli diqqət tələb edən tapşırıqlarda ciddi çətinlik yaşayır. Mütəxəssislər hesab edirlər ki, bu problem gələcək nəsil süni intellekt sistemlərinin inkişafında əsas tədqiqat istiqamətlərindən birinə çevriləcək. Araşdırma göstərir ki, müasir AI modelləri mürəkkəb məsələləri həll etmək qabiliyyətinə malik olsalar da, uzun müddət eyni təlimata sadiq qalmaqda hələ də insanlardan geri qalırlar.sfera.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki