Ölkəmizin xarici iqtisadi əlaqələri artdıqca müxtəlif məsələr ortaya çıxır. Qida məhsullarının keyfiyyəti də bu məsələlərdəndir. Respublikaya gətirilən ərzaq mallarının heç də hamısı standartlara uyğun olmur. Bunu çox vaxt heç idxalçı da bilmir. Bu halların qarşısını almaq üçün maarifləndirici tədbirlərə ehtiyac yaranır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) yağ idxalçıları ilə onlayn görüş keçirilib. Görüşdə sözügedən malların etiketlənməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub. Məhsulun tərkibində istifadə edilən yağ və piylərin növlərinin etiketdə ayrı-ayrılıqda və dəqiq şəkildə göstərilməsinin təmin edilməsi ilə bağlı iştirakçılara zəruri göstərişlər verilib. Bildirilib ki, istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibində mövcud olan allergenlər, mənşə ölkəsi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar verilməli, məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başadüşülən formada olmalıdır. Ölkəmizə idxal olunan qida məhsullarının etiketlərində və məhsula əlavə edilən izahat vərəqələrində məhsulun adı, tərkibi, yararlılıq müddəti və istifadə qaydaları barədə məlumatlar xarici dillərdə təqdim edildiyi halda, Azərbaycan dilinə tərcüməsi təmin edilməlidir.
Bu görüşdə qaldırılan məsələlər idxalçılarla yanaşı istehlakçılar üçün də vacibdir. Xüsusən də alıcıları həmişə bir sual düşündürür: daxili istehsaldakı yağların qiyməti nəyə görə idxal olunan eyni məhsullara, bəzən də baha olur? Bununla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət etdik. O dedi : “ Bu sualı istehlakçılar mənə daim verirlər. Nə üçün daxildə istehsal olunan yağların qiyməti xaricdən gətirilən yağlarla eynidir? Altı il öncə Yeni Zelandiyaya konfransa gedən zaman Azərbaycana yağ ixrac edən bir zavoda getdim. Həmin zavodun fermer təsərrüfatına da baş çəkdim. Məlum oldu ki, orada məhsul çox ucuz əmələ gəlir. Çünki orada qış mövsümü olmur, heyvanlar daim açıq havada otlayırlar, xüsusi yemləməyə ehtiyac yaranmır. Bu ölkə böyük heyvandarlıq ölkəsidir. Orada Azərbaycana göndərilən malların bizim dildə necə etiketlənməsinə baxdım. Müəyyən iradlarımı bildirdim. Lakin yerli yağların Yeni Zelandiya kimi çox uzaq məsafədə yerləşən ölkədən daxil olan yağlarla eyni qiyməti, bəzən hətta baha olması istehlakçıları haqlı olaraq düşündürür. Bunun əsas səbəbi odur ki, bir neçə ildir ölkəmizdə kənd təsərrüfatı, maldarlıq sürətlə geriləyir. Keçən il davaq xəstəliyinin geniş yayılması da heyvandarlığa və təbii ki yağ istehsalına da təsir etdi. Bunun fəsadını isə hələ bir müddət hiss edəcəyik. Yerli məhsulun qiyməti daim artan templə gedəcək.”
Lakin dabaq virusundan əvvəl də qiymət heç də aşağı deyildi. Süd istehsalının aşağı düşməsi və bununla məşğul olan çox az sayda yerli şirkətin olması, rəqabətin olmaması da məhsul qıtlığına və bahalaşmaya səbəb olur. Nəzərə alsaq ki, yağ süddən alınır, onda məncə əlavə şərhə ehtiyac qalmır.
Sima Babayeva























