Moskvada 21 yaşlı model Yuliya Prixodko 22 yaşlı keçmiş sevgilisi Vadimi bıçaqlayaraq öldürməkdə şübhəli bilinir.
Referans Media bildirir ki, bu barədə Moskva İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, hadisə Yuliya Prixodkonun Moskvadakı mənzilində baş verib. Məlumata görə, bir neçə gün əvvəl idman mərclərinə aludə olduğu üçün sevgilisindən ayrılan Vadim barışmaq məqsədilə onun evinə gəlib. İddialara əsasən, gənc oğlan sərxoş vəziyyətdə olub və əlində spirtli içki şüşəsi ilə qapının önündə gözləyərək modeldən onu içəri buraxmasını istəyib. Bir müddət sonra Yuliya qapını açıb.
İstintaqın məlumatına görə, mənzildə baş verən mübahisə zamanı model eks-sevgilisini bıçaqlayıb. Hadisə ilə bağlı qətl maddəsi üzrə cinayət işi açılıb, model saxlanılıb.
"Mash" nəşrinin məlumatına əsasən, mübahisə zamanı yaşayış kompleksinin mühafizəçisi mənzilə gəlib. Bir neçə dəqiqə sonra təcili tibbi yardım çağırılıb, lakin Vadim təxminən bir saat sonra vəfat edib.
"StarHit" nəşri isə bildirib ki, cütlük bu il ərzində bir neçə dəfə ayrılıb-barışıb. Münaqişələrin əsas səbəblərinin Vadimin qumar asılılığı və borcları olduğu bildirilir. İddialara görə, o, bir dəfə Yuliyanın mənzilindəki seyfdən 500 min rubl götürərək mərclərdə uduzub. Buna baxmayaraq, cütlük sonradan bir neçə dəfə yenidən barışıb./Axşam.az/

