Yuxusuzluqdan sonra yaddaşı necə qorumaq olar? - ARAŞDIRMA

Yuxusuz gecədən sonra qısa məşq etmək və ya mürgüləmək yaddaşın qismən qorunmasına kömək edə bilər.

Referans Media xəbər verir ki, alimlər bununla bağlı araşdırmanın nəticələrini “Proceedings of the National Academy of Sciences” jurnalında dərc ediblər.

Tədqiqatda 30 saat yatmayan 54 sağlam könüllü iştirak edib. Onlar üç qrupa bölünüb. Bir qrup 20 dəqiqə orta və ya yüksək intensivlikdə məşq edib, ikinci qrup 90 dəqiqə mürgüləyib, üçüncü qrup isə heç bir müdaxilə almayıb.

Üç gün sonra iştirakçıların yaddaşı yoxlanılıb. Məşq edən və mürgüləyən qrupların nəticələri müdaxilə edilməyən qrupla müqayisədə təxminən 22 faiz daha yaxşı olub.

Tədqiqatçılar bildiriblər ki, mürgüləmək beynin yeni məlumatları yadda saxlamaq qabiliyyətini bərpa etməyə, fiziki fəaliyyət isə yuxusuzluğa baxmayaraq mövcud zehni imkanlardan daha səmərəli istifadə etməyə kömək edir.

Alimlər vurğulayıblar ki, məşq kifayət qədər yuxunu əvəz etmir. Lakin qısa müddətli yuxu çatışmazlığının yaddaş və beyin fəaliyyətinə mənfi təsirini azaltmağa kömək edə bilər./Redaktor.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki