Moskva ilə Kiyev arasında mümkün sülh danışıqları ilə bağlı yeni açıqlamalar gündəmin əsas mövzularından birinə çevrilib. Ukrayna Prezidenti Volodimir Zelenskinin irəli sürdüyü təklif və Rusiya Prezidenti Vladimir Putinin mövqeyi danışıqların gələcəyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.
Rusiyaya artan siyasi və iqtisadi təzyiqlər, yeni sanksiyalar, Moskva və digər bölgələrə dron hücumları, yanacaqla bağlı yaranan çətinliklər və təhlükəsizlik problemləri Kremlin mövqeyinə nə dərəcədə təsir edir? Qərbin məqsədi Rusiyanı danışıqlar masasına gətirməkdir, yoxsa Moskvaya qarşı təzyiqləri artıraraq müharibənin nəticəsini dəyişmək? Bütün bunlar fonunda müharibənin dayandırılması və real sülh danışıqlarının başlanması nə dərəcədə mümkündür?
Referans Media bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, hazırkı mərhələdə Moskva ilə Kiyev arasında danışıqlar mümkündür, amma tərəflərin “sülh” anlayışları hələ bir-birindən xeyli uzaqdır:
“Zelenskinin Rusiya ilə birbaşa danışıqlara açıq mesaj verməsi avtomatik olaraq Kiyevin Moskvanın şərtlərini qəbul etməsi demək deyil. Daha çox, müharibənin hərbi meydandan diplomatik masaya keçirilməsi üçün siyasi kanal yaratmaq cəhdi kimi qiymətləndirilə bilər. Ukraynanın əsas məsələsi ərazi, təhlükəsizlik zəmanətləri və gələcəkdə Rusiyanın yeni hücum imkanlarının məhdudlaşdırılmasıdır. Rusiya isə müharibənin nəticələrinin öz təhlükəsizlik və geosiyasi tələbləri nəzərə alınmaqla rəsmiləşdirilməsini istəyir. Putinin mövqeyində əsas xətt dəyişməyib: Moskva müharibəni sadəcə atəşkəslə bitirməkdən daha çox, Ukraynanın gələcək təhlükəsizlik və xarici siyasət kursuna dair təminatlar tələb edir. Bu səbəbdən Moskva üçün sadə “silahları susduraq” modeli kifayət etməyə bilər. Kreml özünün hərbi və siyasi qazancını hüquqi-siyasi formada təmin etmək istəyir.
Təzyiqlərə gəldikdə isə Rusiyanın iqtisadi və daxili təzyiqləri çox ciddi faktordur. Belə ki, sanksiyalar, enerji gəlirlərinə təzyiq, hərbi xərclərin artması, insan resursları problemi, logistika və texnologiyaya çıxış məhdudiyyətləri Rusiyaya uzunmüddətli xərc yaradır. Ancaq Rusiya iqtisadiyyatı müharibə şəraitinə uyğunlaşdırılıb və dövlət xərcləri hesabına müəyyən dayanıqlıq nümayiş etdirir. Problem daha çox müharibənin uzandıqca artan struktur və maliyyə qiymətidir”.

Anar İsayev
Siyasi şərhçi qeyd edib ki, Ukraynanın Rusiya ərazisində enerji obyektlərinə, neft emalı zavodlarına və digər infrastruktura hücumları Moskvanın müharibənin “uzaq cəbhə”də getdiyi barədə təsəvvürünü zəiflədir:
“Yanacaq çatışmazlığı və təhlükəsizlik problemləri də sosial narazılıq yarada bilər. Amma bu vəziyyət avtomatik olaraq siyasi rejim dəyişikliyinə gətirmir. Rusiya dövlətinin təhlükəsizlik aparatı, informasiya nəzarəti və siyasi sistemin strukturu belə etirazların genişmiqyaslı siyasi böhrana çevrilməsini çətinləşdirir. Doğrudur, Qərb, Avropa İttifaqı (Aİ Rusiyanın mümkün qədər qısa müddətdə məğlub olmasını arzulayır. Bunun üçün əsas məqsədləri Ukraynanın müdafiəsini gücləndirmək, Rusiyanın müharibə aparmaq imkanlarını məhdudlaşdırmaq və Moskvanı danışıqlarda daha əlverişli mövqeyə gətirməkdir. “Putini hakimiyyətdən salmaq” isə ayrıca və təsdiqlənmiş Qərb strategiyası kimi təqdim edilə bilməz.
Burada da incə fərq var. Ukraynanın bəzi rəsmiləri və Qərbdəki müəyyən siyasi dairələr Rusiyanın hərbi imkanlarının maksimum zəiflədilməsini müdafiə edirlər. Lakin Rusiyanın tam kapitulyasiyası ilə nəticələnəcək müharibə ssenarisi həm nüvə dövlətinin iştirakı, həm də eskalasiya riski baxımından son dərəcə mürəkkəbdir. Ona görə praktik diplomatiyada daha real hədəf Rusiyanı tam məğlub etməkdən çox, müharibəni davam etdirməyin Moskva üçün qiymətini yüksəltmək və nəticədə danışıqlar masasında kompromisə məcbur etmək ola bilər.
Hazırda iki paralel proses gedir: cəbhədə təzyiq və diplomatik masada mövqe. Ukrayna Rusiyaya hərbi və iqtisadi təzyiqi artıraraq danışıqlarda öz mövqeyini gücləndirməyə çalışır. Rusiya isə əksinə, hərbi imkanlarını saxlayaraq Kiyevi və Qərbi öz şərtlərini nəzərə almağa məcbur etmək istəyir. Deməli, danışıqların başlanması mümkündür, amma bu, hələ sülhə hazırlaşmaq demək deyil. Əvvəlcə atəşkəsin şərtləri, ərazi məsələsi, təhlükəsizlik zəmanətləri, sanksiyalar və Ukraynanın gələcək hərbi statusu üzrə ilkin anlaşma lazımdır.
Ən maraqlı məqam isə Moskva müharibənin uzadılmasının əvvəlki kimi sərfəli olmadığını, Kiyev isə hərbi yolla bütün məqsədlərinə çatmağın çox baha başa gələcəyini qəbul etməyə başlasa, real sülh pəncərəsi məhz onda açıla bilər. Hazırda əsas mübarizə həmin psixoloji və siyasi həddə kimin əvvəl çatacağı uğrundadır”.
