Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanın xarici işlər naziri İohann Vadeful ilə görüşüb. Görüş BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda keçirilib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, görüş Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.
Rusiya və Almaniya xarici işlər nazirlərinin görüşü 2022-ci ilin yanvarından, yəni Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlamasından əvvəlki dövrdən bəri ilk dəfə keçirilib. Sonuncu dəfə Lavrov 2022-ci il yanvarın 18-də həmin vaxt Almaniyanın xarici işlər naziri olan Annalena Berbokla bir araya gəlib. Budəfəki görüşün məzmunu ilə bağlı ətraflı məlumat açıqlanmayıb.
Az öncə keçmiş kansler Şolts iki illik fasilədən sonra Kreml başçısı Putinə zəng etmişdi. Həmçinin, bu yaxınlarda xəbər yayılmışdı ki, Bakıda Rusiya və Almaniya nümayəndələrinin görüşü baş tutub.
Moskva ilə Berlin arasında təmasların səbəbi nədir? Ukrayna böhranına təsiri ola bilərmi?
Referans Media bildirir ki, ehtiyatda olan polkovnik Efraim Təhməzov Musavat.com-a açıqlamasında qeyd edib ki, Sergey Lavrovla İohann Vadeful arasında Nyu-Yorkda keçirilən görüşü yalnız protokol xarakterli diplomatik təmas kimi qiymətləndirmək düzgün olmaz: “Burada ən vacib məqam ondan ibarətdir ki, 2022-ci ildən sonra Almaniya və Rusiyanın xarici işlər nazirləri səviyyəsində belə birbaşa görüş baş verməmişdi. İndi isə tərəflər BMT Baş Assambleyasının keçirildiyi Nyu-Yorkda, beynəlxalq ictimaiyyətin diqqəti qarşısında bir masa arxasına oturdular. Bu, özlüyündə siyasi siqnaldır.
Amma mən bu görüşü hələlik Almaniya ilə Rusiyanın münasibətlərində dönüş nöqtəsi adlandırmazdım. Çünki görüşdən sonra hər iki tərəfin açıqlamalarında əsas mövqelərin dəyişdiyini göstərən ciddi əlamət yoxdur. Əksinə, Vadeful Rusiyanı eskalasiyanı dayandırmağa çağırıb, Ukraynaya dəstəyin davam edəcəyini vurğulayıb. Lavrov isə görüşdə yeni heç nə eşitmədiyini bildirib. Deməli, söhbətin əsas nəticəsi razılaşma deyil, birbaşa kommunikasiya kanalının yenidən işlək vəziyyətə gətirilməsidir.
Burada bir mühüm məsələ də var: belə yüksək səviyyəli görüşlər adətən birdən-birə yaranmır. Vadefulun özünün dediyinə görə, müxtəlif ölkələrin nümayəndələri ona Rusiyanın danışmağa hazır olduğu barədə siqnallar çatdırıblar. Bu isə onu göstərir ki, tərəflər arasında müəyyən dolayı diplomatik kanallar artıq işləyirdi.
Azərbaycanın bu prosesdə adı ona görə maraq doğurur ki, bundan əvvəl Rusiya və Almaniya ilə əlaqəli şəxslərin Bakıda qapalı görüşlərinin keçirildiyi barədə məlumatlar yayılmış və Azərbaycan Prezidenti İlham Əliyev də həmin səfərləri təsdiqləmişdi. Bakı uzun müddətdir müxtəlif tərəflərin bir-biri ilə danışa bildiyi platformalardan biri kimi çıxış edir. Ona görə də Azərbaycan ərazisində keçirilən qeyri-rəsmi və ya qapalı təmasları ümumi diplomatik prosesdən tamamilə ayrı düşünmək olmaz.
Məncə, hazırda əsas proses sülh sazişinin hazırlanmasından daha çox, mümkün gələcək danışıqlar üçün mövqelərin yoxlanılmasıdır. Tərəflər bir-birinin hansı məsələlərdə geri çəkilə biləcəyini, hansı məsələlərdə isə prinsipial mövqedə qalacağını anlamağa çalışırlar. Burada Ukrayna məsələsi ilə yanaşı, Avropanın təhlükəsizlik arxitekturası, enerji, iqtisadi əlaqələr, Qara dənizdə təhlükəsizlik və ərzaq ixracı kimi məsələlər də əhəmiyyət daşıyır. Artıq Vadefulun Lavrovla görüşdə Qara dəniz vasitəsilə taxıl ixracı və enerji infrastrukturu məsələlərini gündəmə gətirdiyi barədə məlumat var.
Mən bu görüşün ən böyük nəticəsini başqa yerdə görürəm: tərəflər düşmən mövqedə olsalar belə, danışmaq üçün kanalın tamamilə bağlanmadığını nümayiş etdirdilər. Vadefulun özünün dediyi kimi, rəqiblərlə də danışmaq lazımdır. Bu, sülh əldə edilməsi demək deyil, amma böhranın idarə olunması baxımından vacib elementdir. Avropada da artıq anlayırlar ki, uzunmüddətli müharibə yalnız hərbi vasitələrlə həll olunmur. Gec-tez təhlükəsizlik məsələləri, atəşkəs mexanizmləri, iqtisadi münasibətlər və Avropanın gələcək təhlükəsizlik sistemi barədə danışıqlar aparılmalıdır.
Ona görə də mən bu görüşə “sülh başladı” kimi yox, “danışıqlar üçün qapının tam bağlanmadığı nümayiş etdirildi” kimi baxardım. Qarşıdakı mərhələdə əsas məsələ belə təmasların davam edib-etməyəcəyi və onların real danışıqlara çevrilib-çevrilməyəcəyidir.
Azərbaycan baxımından isə proses diqqətlə izlənilməlidir. Çünki Rusiya ilə Qərb arasında hər hansı yeni diplomatik formatın formalaşması Cənubi Qafqazın təhlükəsizlik mühitinə də təsirsiz ötüşməyəcək. Bakı üçün əsas üstünlük isə ondan ibarətdir ki, Azərbaycan həm Rusiya, həm Avropa, həm də digər regional güclərlə işlək kommunikasiya kanallarını qoruyub saxlayır”.
