Zelenski xəbərdarlıq etdi: “Bu sistem tezliklə Avropaya da lazım olacaq”

Ukrayna prezidenti Volodimir Zelenski İran istehsalı olan “Shahed” kamikadze dronlarına qarşı müdafiə sahəsində təcrübəli 201 ukraynalı hərbi mütəxəssisin Körfəz ölkələrinə göndərildiyini açıqlayıb. Bu mütəxəssislər Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı və Küveytdə İran dronlarına qarşı müdafiə sistemlərinin qurulmasına kömək edəcəklər.

Referans Media xəbər verir ki, Zelenski rəsmi səfər çərçivəsində Böyük Britaniyaya gələrək parlamentdə çıxış edib. O, burada ölkənin baş naziri Keir Starmer və NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra təxminən 60 deputat qarşısında çıxış edərək bu barədə məlumat verib.

Prezident bildirib ki, hazırda Yaxın Şərq və Körfəz regionunda 201 ukraynalı hərbi mütəxəssis fəaliyyət göstərir və əlavə olaraq daha 34 nəfər də göndərilməyə hazırdır. Onun sözlərinə görə, bu qruplar İran istehsalı olan “Shahed” dronlarına qarşı müdafiə strategiyalarını yaxşı bilən peşəkar mütəxəssislərdən ibarətdir.

Zelenski vurğulayıb ki, İran bu kamikadze dronlarını Rusiyaya satıb və onlar Ukraynaya qarşı müharibədə istifadə olunur. Onun sözlərinə görə, İran Rusiyaya həm dronlardan istifadəni öyrədib, həm də istehsal texnologiyasını təqdim edib. Daha sonra isə Rusiya bu texnologiyanı inkişaf etdirərək bəzi komponentləri öz istehsalı ilə əvəz edib.

Ukrayna lideri qeyd edib ki, “Shahed” dronlarının qiyməti təxminən 50 min dollar olsa da, onları vurmaq üçün istifadə olunan raketlər və ya döyüş təyyarələri bəzən 4 milyon dollara qədər başa gəlir. Lakin Ukrayna bu problemi daha ucuz və effektiv üsulla həll etməyi bacarıb.

Onun sözlərinə görə, Ukrayna iki və ya üç kiçik önləyici drondan istifadə etməklə “Shahed” dronlarını zərərsizləşdirən yeni sistem hazırlayıb. Bu sistemin ümumi dəyəri isə 10 min dollardan azdır.

Zelenski əlavə edib ki, Ukrayna hazırda gündə ən azı 2 min belə önləyici istehsal etmək gücünə malikdir. O bildirib ki, bu texnologiya Körfəz regionunda tətbiq olunarsa, İran və ya digər qruplardan gələn hücumları real vaxt rejimində izləmək və qarşısını almaq mümkün olacaq.

Prezident həmçinin qeyd edib ki, Ukraynanın təklif etdiyi bu müdafiə modeli yaxın gələcəkdə Avropada da zəruri ola bilər və bu, texnologiya, investisiya və beynəlxalq əməkdaşlıq məsələsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki