Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyadakı hədəflərə yönəlmiş uzaqmənzilli hücumların davam etdiyini və onların miqyasının genişləndiriləcəyini açıqlayıb.
Referans Media xəbər verir ki, Zelenski sosial media hesabında etdiyi paylaşımda Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli zərbələrini davam etdirdiyini bildirib.
O, son bir həftə ərzində həyata keçirilən hücumlar zamanı “Be-200” tipli amfibiya təyyarəsi, “Ka-27” helikopteri, döyüş sursatı daşıyan bir yük gəmisi, “Pantsir-S1” və “Tor-M2” hava hücumundan müdafiə sistemləri, həmçinin “Redut-2US” tipli rabitə və telekommunikasiya sistemi kimi müxtəlif hədəflərin məhv edildiyini iddia edib.
Zelenski qeyd edib ki, hücumlar əsasən cəbhə xəttindən təxminən 1000 kilometr məsafədə yerləşən obyektlərə yönəlib. Onun sözlərinə görə, bu əməliyyatlar Rusiyanın hərəkətlərinə qarşı “tam ədalətli cavabdır”.
Ukrayna lideri həmçinin gələcəkdə həm hücumların məsafəsinin, həm də sayının artırılacağını vurğulayıb.
Zelenski paylaşımında müxtəlif hədəflərə endirilən zərbələrə aid olduğu bildirilən görüntüləri də yayımlayıb.
