20 il evli olub boşananlar: Nə baş verir?backend

20 il evli olub boşananlar: Nə baş verir?

  Ölkədə boşanma sayında az da olsa azalma baş verib. Belə ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin ilk beş ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 19 783 nikah və 8 678 boşanma halları qeydə alınıb. Bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,1-dən 4,7-yə qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a qədər azalıb.

Boşanmaların əsas səbəbi nədir?

Globalinfo.az-a danışan sosioloq Lalə Mehralı bildirib ki, əgər ailədə fiziki, psixoloji, mənəvi, maddi zorakılıq və xəyanət yoxdursa, o ailənin xilas olunacağına inanır:

“İki əsas səbəb var ki, ailəni kökündən sarsıdır – biri zorakılıq, digəri isə xəyanətdir. Qeyd etdiyim iki səbəbdən başqa hallar olanda boşanan ailələrin yenidən birləşməsi mümkündür. Təəssüf ki, bu gün cəmiyyətdə çox sadə səbəblərlə dağılan ailələr var. Bəzən cüzi bir məsələyə görə boşanıb, sonra peşman olurlar. Amma utandıqlarından ailələrini bərpa etmirlər. Həm də peşmançılığın sonradan faydası olmur”.

 
Sosioloqun fikrincə, boşanma sayında azalma müşahidə olunması belə müsbət tendensiya kimi dəyərləndirilməlidir:

“Bu, Mediasiya Şurasının, ictimai qınağın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uğurudur. Jurnalistlər mövzunu gündəmdə saxlayır, ekspertlər, ictimai şəxslər, tanınmış simalar bu barədə danışırlar. Söz demək imkanı olan hər kəs mənəvi dəyərlərin qorunmasına çalışmalıdır. Təbliğat elə aparılmalıdır ki, insanlar boşanma qərarını ciddi şəkildə düşünsünlər. Hər kəs cəmiyyətin gələcəyi üçün məsuliyyət daşımalıdır. Əgər insanlar bu məsələdə passiv qalarsa, cəmiyyətdə yaranan uçurum daha da dərinləşəcək. Bu da bir gün bizim öz övladlarımıza təsir edə bilər. Boşanmağa qərar verən şəxs 100 dəfə ölçüb, bir dəfə biçməli, həm də yaxınlarının – ailə böyüklərinin və qohumların fikirlərinə qulaq asmalıdır”.

Lalə Mehralı qeyd edib ki, insanlar çox vaxt emosional vəziyyətdə qərar verirlər:

“Bəzən ailənin taleyi bir emosional qərardan asılı olur. Bir ay evli olub boşanmaq düzgün addım deyil. Axı nə yaşadınız ki, nə yuxu da görəsiniz? Statistika göstərir ki, ya uzunömürlü ailələrdə, ya da çox qısa müddətli evliliklərdə boşanma baş verir. Məni narahat edən əsas məsələ uzun müddət – 19-20 il birgə yaşayan cütlüklərin sonradan boşanmasıdır. Əgər bu qədər müddət ərzində birlikdə yaşayıblarsa, demək ki, birgə yaşamağı bacarıblar. Belə ailənin dağılması artıq daha ciddi səbəblər – zorakılıq və ya xəyanət ehtimalını gündəmə gətirir. Əgər insan 20 ildən sonra boşanmağa qərar verirsə, burada sadə bir problem deyil, daha ağır faktorlar ola bilər. Amma istənilən halda, zorakılıq və xəyanət istisna olmaqla, ailə birliyinin qorunmasının tərəfdarıyam”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki