Mikayıl Cabbarov bildirib ki, Azərbaycan son 20 ildə yoxsulluq səviyyəsini 49 faizdən 5 faizə endirməyə nail olub. Nazir bu göstəricinin ölkədə sosial rifahın yaxşılaşmasının nəticəsi olduğunu vurğulayıb. Bununla yanaşı, cəmiyyətdə bu rəqəmlərin insanların real yaşayış səviyyəsini və alıcılıq qabiliyyətini nə dərəcədə əks etdirdiyi ilə bağlı müzakirələr davam edir.
Mövzu ilə bağlı Referans Media-ya danışan iqtisadçı Xalid Kərimli bildirib ki, ilk növbədə “yoxsulluq” anlayışının necə müəyyən edildiyinə diqqət yetirmək lazımdır:
“Azərbaycanda yaşayış minimumu 300 manatdır. Gəliri 300 manatdan aşağı olan şəxs yoxsul hesab olunur. Nazir də bildirib ki, bu göstərici 49 faizdən 5 faizə düşüb. Bu da Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsaslanır”.
İqtisadçı qeyd edib ki, 2001-ci ildə yoxsulluq səviyyəsi 49 faiz olduğu halda, 2024-cü ildə bu göstərici 5,13 faiz təşkil edib:
“Burada qeyri-adi heç nə yoxdur. Nazir sadəcə Statistika Komitəsinin açıqladığı rəqəmi şərh edib və mən hesab edirəm ki, kifayət qədər real danışıb. Çünki bu, hüquqi-statistik terminologiyadır. Yəni adambaşına gəliri 300 manatdan aşağı olan şəxslər yoxsul sayılır”.
Xalid Kərimli vurğulayıb ki, yoxsulluq göstəricisinin aşağı düşməsi bütün insanların yüksək rifah içində yaşadığı anlamına gəlmir:
“Yoxsul o demək deyil ki, insanlar milyonçu kimi yaşamalıdır. Söhbət ondan gedir ki, hazırda əhalinin təxminən 5 faizinin gəliri müəyyən edilmiş yaşayış minimumundan aşağıdır”.
Gülnaz Abdullazaadə
