5 ölkənin kəşfiyyatı xəbərdarlıq etdi: Süni intellektdən güclü kiberhücum gəlir

ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın daxil olduğu "Beş Göz" (Five Eyes) kəşfiyyat ittifaqı birgə bəyanat yayaraq, hökumətləri və korporasiya rəhbərlərini təcili hərəkətə keçməyə çağırıb. Kəşfiyyat rəsmilərinin fikrincə, dövlətlərin və şirkətlərin müdafiə xətlərini qırmağa qadir olan, irimiqyaslı kiberhücumlar təşkil edə bilən qabaqcıl süni intellekt (Sİ) modellərinin meydana çıxmasına illər deyil, cəmi bir neçə ay qalıb.

Referans Medias xəbər verir ki, bu barədə məlumatı xarici media orqanları yayıb.

Müştərək sənəddə qeyd olunur ki, yeni nəsil Sİ modelləri sənayenin hazırkı gözləntilərini üstələyəcək və həm hücum, həm də müdafiə xarakterli kiber-imkanları kökündən dəyişdirəcək. Alyans xəbərdarlıq edib ki, bu proses artıq rəqəmsal təhlükəsizliyi sırf texniki məsələ olmaqdan çıxarıb və onu birbaşa biznesin davamlılığı üçün əsas idarəetmə riskinə çevirib.

"Anthropic" şirkətinin "Mythos" modeli ABŞ Milli Təhlükəsizlik Agentliyini "çökdürüb"

Bu ciddi xəbərdarlıq təsadüfi deyil. Belə ki, ABŞ rəhbərliyi bir müddət əvvəl "Anthropic" şirkətinə özünün ən güclü süni intellekt modelləri olan "Fable 5" və "Mythos 5"-ə xarici istifadəçilərin girişini məhdudlaşdırmağı tapşırıb.
 

Buna səbəb kimi ABŞ Konqresində keçirilən qapalı dinləmələrdə ifşa olunan şok faktlar göstərilir. Senatın Kəşfiyyat Komitəsində təqdim olunan hesabatlara görə, nəzarətli təhlükəsizlik testi zamanı "Anthropic"in qabaqcıl "Mythos" modeli cəmi bir neçə saat ərzində ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) demək olar ki, bütün məxfi müdafiə sistemlərini sıradan çıxarmağı və daxil olmağı bacarıb. Model sistemlərdəki minlərlə yüksək kritik boşluqları müəyyən edərək, insan müdaxiləsi olmadan avtonom şəkildə kiberhücum zənciri qurub.

Ekspertlər bildirirlər ki, kiber-müdafiəçilərə kömək məqsədilə yaradılan bu cür "Mythos" sinifli modellərin bədxah qüvvələrin və xarici kəşfiyyatların əlinə keçməsi qlobal rəqəmsal infrastruktur üçün qarşısıalınmaz fəsadlar törədə bilər. Məhz bu səbəbdən "Beş Göz" ittifaqı qlobal miqyasda "bütün cəmiyyətin və təşkilatların" təcili olaraq kiber-dayanıqlılıq tədbirlərini gücləndirməsini tələb edir./Bizim.Media 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki