ABŞ prezidenti Donald Tramp Tehranı danışıqları uzatmaqda ittiham edib. Buna səbəb İran tərəfinin beynəlxalq MAQATE müfəttişlərini zərər görmüş nüvə obyektlərinə buraxmaqdan imtina etməsidir. Tərəflərin mövqelərindəki kəskin fikir ayrılıqları səbəbindən gələcək sülh danışıqları iflas təhlükəsi ilə üz-üzə qalıb.
Referans Media Musavat.com-a isdinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranın artıq qeyri-müəyyən müddətə yoxlamaların aparılmasına razılıq verdiyini bildirib.
O, Tehranın "heç bir razılaşma yoxdur" bəyanatlarını yalan adlandırıb."Əgər onlar buna razı olmasalar, növbəti danışıqlar baş tutmayacaq!" - deyə Tramp özünə məxsus "Truth Social" sosial şəbəkəsində yazıb.
Bundan əvvəl ABŞ Vitse-prezidenti Cey Di Vens İranın yoxlamalara hazır olmasını mühüm bir mərhələ adlandırıb.
O qeyd edibki, bu, tam nüvəsizləşdirməyə doğru atılan ilk addımdır.
Rəsmi Tehran artıq amerikalı liderlərin bəyanatlarını təkzib edib. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib ki, zərər çəkmiş obyektlərdə yoxlamaların aparılması ilə bağlı heç bir plan yoxdur.
Hətta rəsmi şəxslər MAQATE rəhbəri ilə bu barədə görüşməyiblər.
"Bu məsələ üçün sadəcə olaraq müəyyən edilmiş hər hansı bir prosedur mövcud deyil", - deyə Bəqai vurğulayıb. O əlavə edib ki, ölkəsi yalnız standart və şəffaf prosedurlara əməl edəcək.
Digər tərəfdən, ABŞ Dövlət katibi Marko Rubio İranın informasiya ilə manipulyasiya etdiyini düşünür. Onun fikrincə, Tehranın bu cür bəyanatları daxili auditoriyaya hesablanıb və ölkədaxili siyasi oyunun bir hissəsidir.
Xatırladaq ki, İran 2025-ci ilin iyun ayından etibarən müfəttişlərin hücuma məruz qalmış ərazilərə girişini qadağan edib. İranın BMT-dəki səfiri Əli Bəhreyni isə qeyd edib ki, nüvə fəaliyyəti ilə bağlı müzakirələr danışıqların növbəti mərhələsində baş tutacaq.
MAQATE yoxlamaları ilə bağlı yaranan bu anlaşılmazlıq, ABŞ və İran arasında İsveçrədə keçirilən və yekun sülh sazişini hədəfləyən ilk raund danışıqları fonunda baş verir.
ABŞ prezidenti artıq eyham vurub ki, İranın nüvə proqramı məsələsini qlobal iqtisadi böhran təhlükəsindən belə daha üstün və prioritet hesab edir.
Eyni zamanda, Donald Tramp Tehranın nüvə silahı əldə etməsinə imkan verməmək üçün, ehtiyac yaranarsa, İrana qarşı hərbi əməliyyatları yenidən başlamağa hazır olduğunu da gizlətməyib.
