Oman bütün gəmilər üçün Hörmüz boğazında müvəqqəti dəniz dəhlizindən istifadə imkanının yaradılması istiqamətində Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə danışıqlar apardığını açıqlayıb.
Referans Media xəbər verir ki, bu barədə Oman Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkə beynəlxalq və dəniz hüququna uyğun olaraq Hörmüz boğazından gəmilərin ödənişsiz keçidini təmin edir. Açıqlamada boğazın qlobal iqtisadiyyat üçün strateji əhəmiyyəti də qeyd olunub.
Həmçinin müvəqqəti dəniz dəhlizindən istifadə etmək istəyən gəmilərin bunun üçün IMO ilə zəruri koordinasiyanı həyata keçirməli olduqları vurğulanıb.
Qeyd edək ki, açıqlama İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin Omana səfərindən sonra verilib. Omanın Xarici İşlər Nazirliyi tərəflərin Hörmüz boğazının idarə olunması ilə bağlı mexanizmin yaradılmasını müzakirə etdiyini açıqlamışdı.
