Putin kartlarını açdı: Ukrayna ilə sülh üçün Moskvanın 4 şərti

Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukrayna ilə sülh danışıqlarına hansı prinsiplər əsasında hazır olduğunu açıqlayıb.

Referans Media  xəbər verir ki, o, bu barədə hökumət üzvləri ilə keçirilən müşavirədə danışıb.

Putinin sözlərinə görə, danışıqlar İstanbulda əldə olunan razılaşmalar, Ankoricdə müzakirə edilən yanaşmalar və ən əsası, cəbhədə formalaşmış reallıqlar əsasında aparılmalıdır.

O, həmçinin bir neçə il əvvəl Xarici İşlər Nazirliyində çıxışı zamanı səsləndirdiyi prinsiplərin də qüvvədə qaldığını bildirib.

Rusiya lideri Ukraynanı terror xarakterli hücumlar həyata keçirməkdə ittiham edib:

“Kiyev cəbhə xəttində vəziyyətə təsir göstərə bilmədiyi üçün bu taktikaya əl atır. Ukrayna Silahlı Qüvvələri ərazilər itirməyə davam edir, Rusiya ordusu isə bütün istiqamətlərdə irəliləyir”.

Bu arada, “The Economist” nəşri ABŞ, Rusiya və Ukrayna arasında qeyri-rəsmi təmasların yenidən aktivləşdiyini yazıb. Məlumata görə, ABŞ Prezidenti Donald Trampın komandası tərəflərlə hər gün əlaqə saxlayır:

“Müzakirə olunan variantlardan biri iki mərhələli atəşkəs planıdır. İlkin mərhələdə döyüş əməliyyatlarının cəbhə xəttinin hər iki tərəfində 50-70 kilometrlik zona ilə məhdudlaşdırılması, daha sonra isə daha geniş razılaşmanın əldə olunması nəzərdə tutulur”.

Lakin Kiyev rəhbərliyi belə məhdud atəşkəs planını gündəmdə görmədiyini açıqlayıb.

Kremlin sözçüsü Dmitri Peskov isə Moskvanın dialoqa hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Ukrayna hazırda çətin vəziyyətdədir və yaxın vaxtlarda cəbhədə vəziyyət Ukrayna ordusu üçün daha da ağırlaşa bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki