Ali təhsil müəssisələrinə qəbul qaydalarının və imtahan formatının dəyişdirilməsi ilə bağlı təkliflər səsləndirilir. Təhsil eksperti Elçin Əfəndi bildirib ki, dünyanın əksər ölkələrində ixtisas qrupları mövcud deyil və abituriyentlərdən bu qədər çox fənn üzrə imtahan götürülmür. Onun sözlərinə görə, hazırkı sistem abituriyentlər və ailələr üçün ciddi maliyyə yükü yaradır.
Ekspert qeyd edir ki, 6-7 fənn üzrə hazırlaşan bir abituriyent yalnız məktəb təhsili ilə kifayətlənə bilmir və əlavə hazırlıq üçün repetitorlara müraciət etməyə məcbur qalır. Bu isə ailə büdcəsinə ciddi təsir göstərir.
Doğrudanmı ali təhsil müəssisələrinə qəbul üçün vahid qaydanın hazırlanmasına ehtiyac var?
Referans Media xəbər verir ki, globalinfo.az-a danışan Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Fariz İsmayılzadə deyib ki, müstəqillik bərpa olunduqdan sonra tətbiq edilən test sistemi bir çox yeniliklər, həmçinin şəffaflıq gətirdi:
“Çünki universitetlərə qəbul prosesində müəyyən problemlər var idi və test sistemi bu prosesi xeyli şəffaflaşdırdı. Artıq hər kəs öz bilik və savadına əsaslanaraq ali təhsil müəssisələrinə daxil olurdu. Bu da çox müsbət və yenilikçi hal idi. Son 30 ildə Azərbaycanda test sistemi doğrudan da böyük nəticələr verib. Yəni insan resurslarının, insan kapitalının formalaşmasında, gənclərimizin savadlanmasında bu sistemin çox böyük töhfəsi olub. Təbii ki, hazırda bəzi məqamlar var ki, onları yenidən nəzərdən keçirməliyik”.
Deputat bildirib ki, test sistemində qapalı suallar müəyyən mənada əzbərçiliyə gətirib çıxarır:
“Şagirdlər qapalı suallara görə məktəb təhsilindən yayınırlar. Onlar repetitor yanına gedirlər ki, əzbərçilik yolu ilə bu qapalı sualları cavablandıra bilsinlər. Bu baxımdan, bəli, biz yenidən prosesə baxmalıyıq və elə bir sistem qurmalıyıq ki, orada əzbərçilik yox, daha çox yazı qabiliyyəti inkişaf etdirilsin. Kritik düşüncə, məntiqi düşüncə kimi bacarıqlar, bu keyfiyyətlər və kompetensiyalar XXI əsrdə əzbərçilikdən daha çox tələb olunur”.























