Son dövrlərdə ABŞ dollarının qlobal mövqeyinin zəifləyə biləcəyi və Çin yuanı ilə əvəz olunacağı ilə bağlı müzakirələr intensivləşib. Mütəxəssislər isə bu ssenarinin nə dərəcədə real olduğunu qiymətləndirirlər.
Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dolların qlobal maliyyə sistemindəki dominant mövqeyini yuanla əvəz etmək fikirləri son illərdə daha çox müzakirə olunsa da, bunun yaxın gələcəkdə reallaşması çox çətindir. Onun sözlərinə görə, ABŞ dolları dünya ticarətində və maliyyə bazarlarında uzun illərdir əsas rezerv valyuta olduğundan, bu üstünlüyün dəyişməsi üçün yuanın iqtisadi, maliyyə və siyasi gücü ciddi şəkildə artmalıdır və bu proses illər, hətta onilliklər tələb edir.
Ekspert qeyd edib ki, yuanın beynəlxalq ticarətdə rolu artmaqdadır, xüsusilə Asiya, Afrika və bəzi Avropa ölkələri ilə əlaqələrdə. Lakin buna baxmayaraq, dollar hələ də qlobal ödənişlərdə və beynəlxalq borclanmada dominant mövqeyini qoruyur.
Onun fikrincə, yuanın qlobal rolunun genişlənməsi dolların üstünlüyünü müəyyən qədər zəiflədə və maliyyə axınlarının, eləcə də valyuta ehtiyatlarının şaxələndirilməsinə səbəb ola bilər. Bununla yanaşı, yuanın tam sərbəst konvertasiya olunmaması və Çin maliyyə bazarlarının xarici investorlar üçün tam açıq olmaması onun dolları əvəz etməsini çətinləşdirən əsas amillər sırasındadır.
Akif Nəsirli əlavə edib ki, yuanın rolunun artması region ölkələri, o cümlədən Azərbaycan üçün həm imkanlar, həm də risklər yarada bilər. Bu, Çinlə ticarət və investisiya əlaqələrinin genişlənməsinə və ödənişlərin asanlaşmasına şərait yaratsa da, eyni zamanda məzənnə risklərini də aktuallaşdırır.
Ümumilikdə, ekspert hesab edir ki, yuanın dolları tam əvəz etməsi yaxın illərdə real görünmür. Bununla belə, onun qlobal rolunun artması həm region, həm də yerli iqtisadiyyat üçün diqqətlə izlənilməli əsas tendensiyalardan biridir.
Gülnaz Abdullazadə
