Son günlər sosial şəbəkələrdə geniş yayılmış iddialar ciddi müzakirələrə səbəb olub. Belə ki, İranın guya ABŞ və İsrailə məxsus gizli “hava nəzarət sistemi”ni məhv etməsindən sonra bölgədə yağıntıların artdığı, quraqlığın zəiflədiyi və Urmiya gölü kimi su hövzələrində səviyyənin yüksəldiyi irəli sürülür. Bu iddiaların nə dərəcədə real olduğu isə cəmiyyətdə sual doğurur.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimov bildirib ki, süni müdaxilə ilə bağlı müəyyən texnologiyalar mövcud olsa da, hazırkı vəziyyəti bu iddialarla birbaşa əlaqələndirmək mümkün deyil.
Onun sözlərinə görə, süni yağışın yaradılması və bunun nəticəsində sel hadisələrinin baş verməsi elmdə məlum olan proseslərdir:
“Süni yağış yağdırılması, süni sel yaradılması kimi hallar mövcuddur. Yəni müəyyən texnologiyalar vasitəsilə yağıntı artırıla bilər və bunun nəticəsində sel də yarana bilər.”
Ekoloq qeyd edib ki, süni quraqlığın yaradılması ilə bağlı iddialar isə daha çox son dövrlərdə – xüsusilə regionda baş verən gərginlik fonunda gündəmə gəlib:
“Süni quraqlığın yaradılması məsələsi son İsrail–ABŞ–İran qarşıdurması zamanı ortaya çıxdı. Mən bunu nə təsdiq, nə də inkar edə bilərəm.”
Bununla belə, Q. İbrahimov hazırda müşahidə olunan yağıntıların təbii xarakter daşıdığını vurğulayıb. O bildirib ki, bahar fəslində yağıntıların artması normal və dövri prosesdir:
“Hazırda yağıntıların artması bahar fəslinə təsadüf edir. Bu cür yağıntılar dövri xarakter daşıyır – 10 ildən bir, 15 ildən bir, bəzən 20 ildən bir belə dövrlər müşahidə olunur. Ona görə də bunu konkret olaraq süni müdaxilə ilə əlaqələndirmək mümkün deyil.”
Ekspert əlavə edib ki, əgər bu cür güclü yağıntılar yay aylarında baş versəydi, o zaman fərqli ehtimallar üzərində daha ciddi dayanmaq olardı:
“Əgər bu hadisələr yayda baş versəydi və məsələn, hansısa hərbi obyektlərin vurulmasından dərhal sonra güclü yağışlar, sel hadisələri müşahidə olunsaydı, o zaman müəyyən nəticələr çıxarmaq olardı.”
Q. İbrahimov yayılan məlumatların daha çox şayiə xarakteri daşıdığını deyib və belə iddiaları təsdiqləyən hər hansı rəsmi məlumatın olmadığını vurğulayıb:
“Belə mühüm bazaların vurulması ilə bağlı indiyə qədər heç bir təsdiqlənmiş məlumat yoxdur. Bu səbəbdən mən bunu daha çox şayiə kimi qiymətləndirirəm.”
Ekoloqun sözlərinə görə, hazırda regionda müşahidə olunan proseslər təbii iqlim dövrləri ilə izah olunur:
“Hazırkı yağıntılar nəticəsində istər Urmiya gölünün, istərsə də Xəzərin səviyyəsində artım müşahidə olunur. Bu isə illərdir gözlənilən və arzulanan yağıntıların nəticəsidir.”
Beləliklə, mütəxəssis hesab edir ki, bölgədə baş verən dəyişikliklər daha çox təbii iqlim proseslərinin nəticəsidir və “hava silahı” ilə bağlı iddialar elmi əsasdan çox uzaqdır.
Gülnaz Abdullaadə.























