ABŞ Prezidenti Donald Tramp “İranla danışa bilərəm” ifadəsini səsləndirdikdən dərhal sonra ABŞ Müdafiə Naziri Pit Heqset İrandakı hərbi hədəflərə yönəlik əməliyyatların davam edəcəyini və bu gün ən intensiv hücumların həyata keçiriləcəyini açıqladı.
Referans Media xəbər verir ki, bu iki zidd açıqlama ABŞ içində fikir ayrılığı olub-olmaması sualını gündəmə gətirdi.
Pit Heqset bildirib ki, İrandakı əsas hədəflər raketlər və müdafiə infrastrukturu, xüsusilə də İran donanmasıdır: “Bugün İrandakı ən intensiv hücum günümüz olacaq. Düşmən məğlub olana qədər müharibə sona çatmayacaq.”
Pit Heqset Tehran rəhbərliyini sərt şəkildə tənqid edərək deyib: “İran qorxaqcasına məktəblərdən və xəstəxanalardan raket atır; bilərəkdən günahsızları hədəf alır.”
İranın hazırkı vəziyyətini çətin adlandıran Pit Heqset, İsrailin ABŞ üçün güclü bir tərəfdaş olduğunu vurğulayıb: “Bizi heç kim bir yerə çəkmir. Bu işin necə bitəcəyinə yalnız prezidentimiz qərar verir. İran mövzusunda baxışımız əvvəlki administrasiyalardan fərqlidir. İranın nüvə silahına sahib ola bilməyəcəyini hər zaman deyirik.”
Pit Heqset əlavə edib ki, Tehran son addımları ilə böyük səhv edib: “Tehran çox böyük bir səhv etdi. Qonşularını hədəf alaraq, hər tərəfə ümidsiz şəkildə hücum edərək əsl üzlərini göstərdilər. Bunu tam olaraq proqnozlaşdırdığımızı demək doğru olmaz. Müharibə yayılmır, kiçik bir bölgədə məhdudlaşır.”
Heqset deyib ki, ABŞ Hörmüz Boğazını ciddi şəkildə izləyir və bölgədə gedən prosesləri yaxından izləyir: “Hörmüz Boğazını ciddi şəkildə izləyirik. Prezidentin bu barədə də konkret mövqeyi var.”
ABŞ ordusunun əməliyyatlarının beynəlxalq standartlara uyğun olduğunu vurğulayan Heqset, mülkilərin zərər görməməsi üçün bütün tədbirlərin həyata keçirildiyini bildirib: “Dünyada heç bir ölkə bu qədər effektiv hücum edə bilməz. Müdafiəmiz də eyni dərəcədə güclüdür. Sivillərin hədəf alınmaması üçün ABŞ qədər tədbir görən başqa bir ölkə yoxdur. Əgər araşdırılmalı bir hadisə olarsa, onu araşdırarıq.”























