ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlaması ilə beynəlxalq gündəmi yenidən gərginləşdirib. O, ABŞ ordusunun İran ərazisində hələ “əsl gücünü göstərmədiyini” bildirərək hücumların daha da genişlənə biləcəyinə işarə edib.
Referans Media xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşdığı mesajda bildirib ki, ABŞ ordusu dünyada ən güclü hərbi qüvvədir və İranla bağlı əməliyyatların yalnız başlanğıc mərhələsi yaşanır. O, növbəti hədəflər arasında körpülər və elektrik stansiyalarının olduğunu qeyd edib.
ABŞ prezidentinin sözlərinə görə, “Dünyanın ən güclü ordusu hələ İran ərazisində qalanları məhv etməyə başlamayıb belə. Növbədə körpülər, ardınca isə elektrik stansiyaları var. Yeni rejimin liderləri nə etməli olduqlarını bilir və bu məsələ tez bir zamanda həll edilməlidir”.
Trampın bu açıqlaması regionda davam edən hərbi əməliyyatların daha da genişlənə biləcəyi ehtimalını gücləndirib.
İranda körpü vuruldu
Beynəlxalq mediada yayılan məlumatlara görə, ABŞ qüvvələri artıq İranın paytaxtı Tehran ilə Kərəc şəhərini birləşdirən ən böyük körpülərdən birini hədəfə alıb. Hücum nəticəsində körpünün dağıldığı, azı 8 nəfərin öldüyü və çox sayda insanın yaralandığı bildirilib.
Analitiklər hesab edir ki, bu hücum münaqişənin gedişində yeni mərhələnin başlanğıcı ola bilər. Çünki ilk dəfə olaraq birbaşa mülki infrastruktur sayılan obyektlərdən biri hədəfə alınıb.
Tramp daha əvvəl də İranın enerji infrastrukturu – elektrik stansiyaları və enerji obyektlərinin potensial hədəflər arasında olduğunu açıqlamışdı. Ekspertlərin fikrincə, belə hücumlar baş verərsə, milyonlarla insanın elektrik enerjisiz qalması kimi ciddi humanitar nəticələr ortaya çıxa bilər.
İran rəhbərliyi isə ABŞ-ın infrastruktur obyektlərini hədəfə alacağı təqdirdə daha sərt cavab veriləcəyini bəyan edib. Tehran xüsusilə enerji və mülki infrastruktura hücumların “qırmızı xətt” olduğunu vurğulayır.
Siyasi müşahidəçilər hesab edir ki, tərəflər arasında qarşılıqlı sərt bəyanatlar və artan hərbi əməliyyatlar Yaxın Şərqdə daha genişmiqyaslı qarşıdurma riskini artırır.






















