"Azərbaycanda 1500-dən çox insan ölümündən sonra orqanlarının bağışlanması üçün qeydiyyatdan keçib. Əgər həmin şəxslər beyin ölümü keçirərsə, ailələrinin razılığı alınmadan onların orqanları başqalarına transplantasiya olunacaq".
Referans MEDİA bildirir ki, bu sözləri Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova “Transplant 360° – Diaqnostikadan Transplantasiyaya” adlı elmi-praktiki konfransda deyib. Onun sözlərinə görə 50-dən çox şəxs ürək transplantasiyası üçün növbə gözləyir:
"Dünən məktub aldım ki, xəstələrdən ikisi artıq vəfat edib. Ümumiyyətlə, hər il 50-60 qaraciyər gözləyən xəstəmiz həyatını itirir".
Yeganə Abbasova həmçinin qeyd edib ki, ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi vacibdir.
"Azərbaycanda milli kök hüceyrə reyestri yaradılmalıdır. Böyrək transplantasiyasını gözləyən xəstələrin hemodializ, peritoneal dializ və genetik analiz xidmətlərindən yararlana bilməsi üçün müvafiq xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməlirdir. Nazirlər Kabineti tərəfindən əsasnaməsi təsdiq edilmiş vahid informasiya sisteminin formalaşdırılması, eləcə də ən azı 10 min nəfər üzrə beş lokuslu HLA analizlərinin aparılması xidmətlərinin icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi vacibdir.
Əsas məqsəd Azərbaycan vətəndaşlarının transplantasiya əməliyyatları üçün xaricə getməsinin qarşısını almaq, eyni zamanda, xarici ölkələrin vətəndaşlarına donor dəstəyi göstərmək və onların müalicə üçün Azərbaycana gəlməsinə şərait yaratmaqdır"./Musavat.com
