Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanı Türk Dövlətləri Təşkilatına (TDT) dəvət etmək təklifi beynəlxalq siyasi gündəmdə diqqət çəkən hadisələrdən birinə çevrilib. Prezident bu təşəbbüslə Ankarada keçirilən TDT-nin XIII Zirvə Görüşündə çıxış edib. O, Rusiyanın təşkilatın “TDT+” formatına qoşulmasını və ya müşahidəçi statusu almasını təklif edib.
Referans Media pravda.ru-ya istinadən xəbər verir ki, Tokayev Rusiyanın əsrlər boyu türk dünyası ilə sıx əlaqələr saxladığını, ölkə ərazisində çoxsaylı türk xalqlarının yaşadığını bildirib. Qazaxıstan liderinin fikrincə, Moskvanın təşkilatın fəaliyyətinə cəlb olunması TDT-nin beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edə bilər.
Rusiya nəşri yazır ki, ilk baxışdan bu, əməkdaşlığın genişləndirilməsinə yönəlmiş diplomatik təşəbbüs kimi görünür. Ancaq təklifin məhz indiki geosiyasi şəraitdə səsləndirilməsi onun arxasında daha geniş siyasi və iqtisadi hesablamaların dayandığını düşünməyə əsas verir. TDT son illərdə yalnız ortaq dil, tarix və mədəniyyət əsasında əməkdaşlıq edən qurum olmaqdan çıxaraq iqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsal bağlantılar və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu regional platformaya çevrilir. Türkiyənin Mərkəzi Asiyada fəallığının artması, Azərbaycanın Orta Dəhlizdəki mövqeyi və türk dövlətləri arasında əlaqələrin genişlənməsi bu təşkilata beynəlxalq marağı artırır.Moskva isə postsovet məkanında baş verən dəyişikliklər fonunda Mərkəzi Asiya və Cənubi Qafqazdakı proseslərdən kənarda qalmaq istəmir. Bu baxımdan Tokayevin təklifi Rusiyaya türk dövlətləri ilə münasibətlərini yeni institusional müstəvidə davam etdirmək imkanı yarada bilər.
Tokayevin bu təklifi təsadüfi diplomatik jest deyil. Rusiya türk dünyasının siyasi və iqtisadi inteqrasiyasından kənarda qalmaq istəmir, Qazaxıstan isə Moskvanın bu proseslərə qarşı mövqe tutmasının qarşısını almağa çalışır. Ancaq burada mühüm bir məqam var: TDT Rusiyanın regiondakı təsir imkanlarını qorumaq üçün əlavə platformaya çevrilməməlidir. Təşkilatın əsas məqsədi türk dövlətlərinin müstəqil əməkdaşlığını, ortaq maraqlarını və strateji bağlantılarını gücləndirməkdir. Azərbaycan üçün də prioritet məhz budur: Türkiyə ilə Mərkəzi Asiya arasında körpü rolunu möhkəmləndirmək, Orta Dəhlizin imkanlarını genişləndirmək və türk dünyasının inteqrasiyasını kənar geosiyasi rəqabətin təsirindən qorumaq./Musavat.com/
