Sürücülərin "ödənişli yol" əzabı - Müasir infrastruktur niyə köhnə problemlərə düçar olub?

Azərbaycanın şimal istiqamətində hərəkəti təmin edən, ölkənin ilk ödənişli magistral yolu kimi istismara verilən Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu son vaxtlar sürücülərin əsas başağrısına çevrilib. 2023-cü ilin oktyabr ayında təntənəli şəkildə açılışı olan bu strateji yol əslində sürücülərin rahatlığını, sürətli və təhlükəsiz hərəkətini təmin etməli olduğu halda, bu gün əks effekt doğurur.

Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinə qədər uzanan 150 kilometrlik bu yeni magistral 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilib. Layihənin əsas məqsədi beynəlxalq nəqliyyat dəhlizlərinin yük və sərnişin daşıma potensialını artırmaq, həmçinin vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək idi. Yol üzərində müasir ödəniş sistemləri (tag sistemləri) quraşdırılmışdı ki, sürücülər avtomobillərinə xüsusi qurğular yapışdırmaqla və ya balans artırmaqla məntəqələrdən heç bir vaxt itkisi olmadan keçə bilməli idilər.

Lakin praktika göstərdi ki, yaradılan rəqəmsal və avtomatlaşdırılmış infrastrukturlar texniki dəstək və operativ idarəetmə baxımından zəifdir. Vətəndaşların şikayətlərinə görə, ödəniş sistemləri mütəmadi olaraq sıradan çıxır. Əvvəllər bir neçə ay fasilələrlə müşahidə olunan sistem çöküşləri, hazırda artıq 10-15 gündür ki, bərpa olunmur.

Referans Media xəbər verir ki, proqram təminatındakı qüsurlar və ya texniki baxımın vaxtında həyata keçirilməməsi səbəbindən sürücülər onlayn qaydada hesablarına pul yükləyə bilmirlər. Nəticədə rəqəmsal həll olaraq nəzərdə tutulan sistem yenidən "köhnə sovet üsulu"na – fiziki olaraq baş ofisə yaxınlaşıb xanım əməkdaşların köməyi ilə ödəniş etməyə qayıdıb. Bu isə 21-ci əsrin avtomobil magistralı üçün qəbuledilməz haldır.

Bu cür halların yaranması bir neçə qurumun birgə məsuliyyətsizliyini və ya nəzarətsizliyini ortaya qoyur. Avtomatlaşdırılmış ödəniş terminallarının və proqram təminatının saz vəziyyətdə saxlanılması birbaşa texniki xidmətin üzərinə düşür. Sistemdə yaranan nasazlıqların operativ aradan qaldırılmaması qurumun yarıtmaz idarəçiliyindən xəbər verir. Dövlət səviyyəsində mühüm investisiyalar qoyularaq ərsəyə gələn bu cür layihələrin sonrakı aqibəti nəzarətsiz qalmamalıdır. Yolların istismarı zamanı yaranan problemlər dövlət qurumları tərəfindən dərhal monitorinq edilməli və podratçı şirkətlər qarşısında sərt tələblər qoyulmalıdır.

Ödənişli yol o deməkdir ki, vətəndaş xidmət haqqı ödəyir və qarşılığında yüksək səviyyəli, fasiləsiz rahatlıq əldə etməlidir. Ancaq hazırkı mənzərə tam əksini göstərir. Pullu yola giriş-çıxışlarda yaranan süni sıxlıqlar, saatlarla gözləməli olan növbələr və işləməyən sistem sürücülərin haqlı qəzəbinə səbəb olur. Aidiyyəti qurumlar məsələyə müdaxilə etməli, proqram təminatındakı sistemsizliyi birdəfəlik aradan qaldırmalı və xidmət keyfiyyətini 1-ci texniki dərəcəyə uyğunlaşdırmalıdırlar. Əks halda pullu yolun əhəmiyyəti qalmır./Musavat.com

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki