Son illərdə getdikcə yayılan xərçəng riskinə qarşı aparılan elmi araşdırmalar nəticə verməyə başlayıb. Mütəxəssislərin apardığı araşdırmalara görə, bir heyvandan əldə edilən zəhər nümunələrinin laboratoriya şəraitində incələnməsi müəyyən xərçəng riskini aradan qaldırmağa kömək etdiyini göstərib.
Referans Media Musavat.com-a istinadən xəbər verir ki, elm dünyası bu dəfə təbiətin ən çalışqan canlılarından biri olan bal arılarının həyat qurtaran sirrini müzakirə edir. Avstraliyada aparılan və tibb dünyasında böyük maraq doğuran araşdırma bal arısı zəhərinin laboratoriya şəraitində ən aqressiv süd vəzi xərçəngi növlərini belə təsirsiz hala gətirə bildiyini ortaya çıxarıb.
Gənc tədqiqatçı Ciara Duffy və komandasının həyata keçirdiyi araşdırma xüsusilə müalicəsi ən çətin hesab edilən “üçlü neqativ” və “HER2 pozitiv” süd vəzi xərçəngi hüceyrələri üzərində sınaqdan keçirilib. Nəticələr isə diqqətçəkən olub: Arı zəhərindəki “melittin” adlı maddənin xərçəng hüceyrələrini yüksək dəqiqliklə hədəf aldığı müəyyən edilib. Bu maddənin cəmi bir saat ərzində xərçəng hüceyrələrinin membranını deşərək onları təsirsiz hala gətirdiyi, eyni zamanda hüceyrələrin bir-biri ilə əlaqəsini kəsərək çoxalmalarının qarşısını aldığı bildirilib.
Təbiətin “aptekindən” xərçəngə qarşı həll
Araşdırmanın əhəmiyyəti xüsusilə süd vəzi xərçənginin bəzi növlərinin klassik müalicələrə qarşı davamlı olması ilə izah edilir. Arı zəhərinin bu davamlı hüceyrələrə qarşı uğur göstərməsi gələcəkdə kimyaterapiyaya alternativ və ya dəstəkləyici üsulun inkişaf etdirilə biləcəyinə ümid yaradır. Bundan əlavə, melittin maddəsinin laboratoriyada sintetik şəkildə istehsal edilə bilməsi arı populyasiyasına zərər vermədən müalicə hazırlanmasının mümkün olacağını göstərir.
Ümid var, amma proses uzundur
Bununla belə, mütəxəssislər tələsməmək lazım olduğunu vurğulayırlar. Araşdırma müəllifləri laboratoriya və heyvan sınaqlarında əldə edilən nəticələrin insan orqanizmində həmişə eyni şəkildə nəticə verməyə biləcəyini bildiriblər. Alex Swarbrick qeyd edib ki, hər hansı maddənin təhlükəsiz və təsdiqlənmiş dərmana çevrilməsi üçün uzun klinik sınaq mərhələlərindən keçməsi lazımdır.
Buna baxmayaraq, araşdırma xərçənglə mübarizədə təbiətin təqdim etdiyi imkanların nə qədər güclü ola biləcəyini bir daha göstərir. Arıların bu sirli zəhəri gələcəkdə müasir tibbin ən mühüm silahlarından birinə çevrilə bilər.
