Arvadım telefonla çox oynadığı üçün çəngəli ona tərəf atdım, başına dəydi — Məhkəmə

Bakının Suraxanı rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.


Referans Media -ın əldə etdiyi məlumata görə, Yevlax rayon sakini, 1997-ci il təvəllüdlü Mənsur birgə yaşadıqları ünvanda arvadı Kəmalə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Onların arasında mübahisənin yaranmasına səbəb qadının telefona çox baxması və buna səbəbini bildirməməsi olub. Aralarında ailə-məişət münaqişəsi zəminində baş vermiş mübahisə zamanı qəsdən çəngəl və yumruqla qadının üz nahiyəsinə vurub.

İş üzrə izahat verən Mənsurun sözlərinə görə, Kəmalə ilə 2025-ci ildən bir ünvanda yaşayırlar:

“Bu münasibətdən övladımız yoxdur. Kəmalə ilə münasibətlərimiz əvvəllər yaxşı olsa da, son zamanlar qısqanclıq zəminində aramızda mübahisələr baş verib”.

Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə məlum hadisə günü, saat 12 radələrində yaşadıqları mənzilin qonaq otağında olan zaman qadın mobil telefona baxıb və buna səbəb bildirmədiyi üçün Kəmalə ilə arasında sözlə mübahisə yaranıb:

“Həmin mübahisə zamanı əsəbləşərək masanın üstündə olan çəngəli ona tərəf atdım. Daha sonra isə sağ gözaltı nahiyəsinə əlim ilə yumruq zərbəsi vurdum. Bundan sonra Kəmalə ağlamağa başladı. Mən əsəblərimi sakitləşdirmək üçün yaşadığım evdən çıxaraq getdim”.

İş üzrə zərərçəkmiş Kəmalə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirib.

Suraxanı Rayon Məhkəməsində hökm çıxarılan zaman onların barışması nəzərə alınıb. Bu səbəbdən də Mənsurun barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib./Demokrat.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki