"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" (ADY) QSC beynəlxalq dəmir yolu daşımalarının inkişafı, sərhəd keçmə proseslərinin sürətləndirilməsi, tranzit imkanlarının artırılması və rəqəmsal inteqrasiyanın genişləndirilməsi istiqamətində işləri davam etdirir.
Referans Media xəbər verir ki, bu məqsədlə Azərbaycan və Gürcüstanın dəmir yolu administrasiyalarının, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Böyük-Kəsik stansiyasında görüş keçirilib.
Görüşdə dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması müzakirə olunub. Azərbaycan-Gürcüstan sərhədində yük qatarlarının keçid prosesi, vaxt itkisinə səbəb olan amillər və sərhəd keçmə müddətinin azaldılması imkanları nəzərdən keçirilib. Tərəflər regional nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Həmçinin Bakı-Tbilisi marşrutu üzrə əlavə reysin təşkili ilə bağlı hazırlıq işləri də müzakirə olunub. Sərnişinlərin rahatlığının artırılması məqsədilə sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi, nəzarət proseslərinin daha çevik və müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Bundan başqa, Azərbaycanla Gürcüstan arasında yükdaşımaların səmərəliliyinin artırılması və Orta Dəhlizin tranzit imkanlarının gücləndirilməsi məqsədilə ayrıca işçi görüş də keçirilib. Görüşdə ADY-yə məxsus elektrik lokomotivlərinin Böyük Kəsik-Tbilisi-Böyük Kəsik marşrutu üzrə qatar tərkibi ayrılmadan fasiləsiz işləməsinin təşkili barədə qərar qəbul edilib.
Tərəflər vaqonlara texniki baxış prosedurlarının təkrarlanmasının aradan qaldırılması barədə yeni yanaşmanın tətbiqinin əhəmiyyətini vurğulayıblar. Yeni yanaşmaya əsasən, əvvəllər həm Böyük Kəsik, həm də Qardabani stansiyalarında aparılan vaqon baxışının Azərbaycan-Gürcüstan istiqaməti üzrə yalnız Böyük Kəsik stansiyası, Gürcüstan-Azərbaycan istiqamətində isə Tbilisi qovşaq stansiyasında həyata keçirilməsi nəzərdə tutulur. Bu optimallaşdırma sərhəd keçidinin daha çevik təşkilinə və yük qatarlarının keçid müddətinin 2 dəfə azaldılmasına imkan verəcək. Artıq marşrut üzrə çevik yük əməliyyatları uğurla test olunub.
