XƏBƏRDARLIQ! İsti hava ürəyə ciddi təhlükə yaradır - BUNU EDİN

Yay aylarında havanın həddindən artıq isti keçməsi ürək-damar xəstəlikləri olan insanlar üçün ciddi risk yaradır. Kardiologiya üzrə mütəxəssis dosent Yasemin Doğanın sözlərinə görə, yüksək temperatur həm orqanizmin, həm də ürəyin yükünü artırır və bu, ağır fəsadlara səbəb ola bilər.

Referans Media -ın Türkiyə mediasına istinadən xəbərinə görə, həkim bildirib ki, iqlim dəyişiklikləri nəticəsində isti hava dalğaları daha intensiv və uzunmüddətli xarakter alıb. Bu isə ürək-damar xəstəlikləri ilə əlaqəli ölüm hallarının artmasına təsir göstərir. Onun sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, isti havalarda ürək-damar xəstəliyi olan insanların ölüm riski sağlam insanlarla müqayisədə təxminən yeddi dəfə yüksək ola bilər.

Mütəxəssis izah edib ki, yüksək temperatur zamanı orqanizm özünü soyutmaq üçün damarları genişləndirir və tərləmə artır. Nəticədə ürək daha çox qan vurmağa məcbur qalır. Güclü tərləmə isə maye və mineral itkisinə səbəb olur. Bu vəziyyət arterial təzyiqin enməsinə, qanın laxtalanmaya meylinin artmasına və ürəyin iş yükünün daha da ağırlaşmasına gətirib çıxara bilər.

Yasemin Doğanın sözlərinə görə, isti havalarda infarkt, ürək çatışmazlığının ağırlaşması, ürək ritminin pozulması, huşun itməsi, arterial təzyiqin kəskin enməsi və insult riski artır. Bəzi hallarda həddindən artıq istilik qəfil ürək dayanmasına da səbəb ola bilər.

Həkim xəbərdarlıq edib ki, güclü sinə ağrısı, ürəkdöyünmə, başgicəllənmə, huşunu itirmə hissi və ya şüur dəyişikliyi kimi əlamətlər yaranarsa, vaxt itirmədən tibb müəssisəsinə müraciət etmək lazımdır.

Risk qrupuna əsasən 65 yaşdan yuxarı şəxslər, ürək çatışmazlığı, koronar ürək xəstəliyi, şəkərli diabet, yüksək qan təzyiqi, xroniki böyrək xəstəliyi və piylənməsi olan insanlar, eləcə də açıq havada çalışanlar daxildir.

Mütəxəssislər isti havalarda susuzluq hissini gözləmədən gün ərzində mütəmadi su içməyi, saat 11:00–16:00 aralığında günəş altında qalmamağı, ağır fiziki yüklənmədən çəkinməyi və idmanı səhər erkən və ya axşam saatlarında etməyi tövsiyə edirlər. Açıq rəngli, pambıq parçadan hazırlanmış geyimlərə üstünlük verilməsi, həmçinin spirtli içkilər və həddindən artıq kofein qəbulundan uzaq durulması da vacib hesab olunur.

Həkim vurğulayıb ki, təzyiq və ürək çatışmazlığı səbəbindən sidikqovucu dərman qəbul edən şəxslər dərman dozasını özbaşına dəyişməməli, bunu yalnız həkimin tövsiyəsi ilə etməlidirlər. Onun sözlərinə görə, sadə qoruyucu tədbirlər həm ürək sağlamlığını, həm də ümumi sağlamlığı qorumaqda mühüm rol oynayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki